AZ

Rusiya ilə sərhəddə səngər qazılır, mina basdırılır Müharibə hazırlığı başladı

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Baltik ölkələri Ottava Müqaviləsindən çıxaraq sərhəd ərazilərdə yenidən minaların yerləşdirilməsinə hazırlaşır. Paralel olaraq bu ölkələr Rusiyanın mümkün işğal ssenarilərinə qarşı hərbi hazırlıq tədbirlərini sürətləndirir. Litva, Belarus və Rusiya ilə sərhəddə yerləşən strateji körpülərin zərurət yaranacağı halda partladılması planını gündəmə gətirib.

Eyni zamanda region ölkələri tank əleyhinə sursat ehtiyatlarını artırır, müdafiə xəndəkləri qazır və sərhəd xətti boyunca ərazilərin tam şəkildə minalanmasını nəzərdə tutur. Latviya isə Rusiya ilə sərhəd boyunca 280 kilometrlik müdafiə çəpəri inşa edərək təhlükəsizlik tədbirlərini daha da sərtləşdirib.

Globalinfo.az-a danışan siyasi şərhçi Mütəllim Rəhimli bildirib ki, Qərb ölkələrinin əsas qorxusu Rusiyanın real hərbi gücündən daha çox psixoloji təsirinə bağlıdır:

“Təəssüf ki, Rusiya–Ukrayna müharibəsi başlayandan sonra Avropa dövlətlərinin böyük əksəriyyəti öz xalqlarını təşviş, qorxu və həyəcan içərisində saxlayır. Artıq dörd ilə yaxındır ki, Ukraynada istəklərinə nail ola bilməyən, yüz minlərlə əsgərini itirən Rusiyanın digər Avropa ölkələrinə hücum edəcəyi inandırıcı görünmür. Buna nə iqtisadi, nə də hərbi gücü yetər.

ABŞ-ın Avropa Birliyinin təhlükəsizliyinin təmin edilməsi sistemindən faktiki olaraq imtina etməsi Avropada şok effekti yaradıb. Məhz buna görə də Birliyə daxil olan dövlət rəhbərlərinin bir-birini təkzib edən, ziddiyyətli bəyanat və qərarlarının şahidi oluruq. Sanki Avropa siyasi baxımdan istiqamətini itirib. Hazırda nə Rusiya–Ukrayna müharibəsinin dayandırılmasına, nə də Ukraynaya lazımi dəstəyi verərək aqressoru yerində oturtmağa hazırdır.

Mütəllim Rəhimli

Konkret olaraq Litvanın müdafiə istehkamları qurmasına gəlincə, bu gün artıq bu cür müdafiə vasitələrinin effektiv olmadığı hamıya məlumdur. Müasir müharibə texnologiyaları onların yararsızlığını praktiki olaraq sübut edib.

Düşünürəm ki, Avropa dövlətlərinin bu cür addımları ukraynalı döyüşçülərin əhval-ruhiyyəsinə də mənfi təsir göstərir. Rusiya reallıqdan daha güclü təqdim olunur. Bütün bunlar isə mövcud şəraitdə Rusiya üçün olduqca əlverişlidir. Çox güman ki, Rusiya rəsmi şəkildə hər hansı ölkəyə hücum etmək niyyətində olmadığını bəyan edəcək, lakin avropalıların öz daxilində formalaşdırdığı qorxu atmosferini aradan qaldırmağa da çalışmayacaq. Mövcud situasiyanın təhlili göstərir ki, hazırda real müharibədən daha çox siyasi oyunlar oynanılır”.

Turan Rzayev

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
82
globalinfo.az

1Mənbələr