Avtomobil utilizasiyası, istismar müddəti bitmiş, yararsız vəziyyətə düşmüş və ya ekoloji baxımdan təhlükəli olan, qəzalı və ya köhnə avtomobillərin dövlət tərəfindən müəyyən olunmuş qaydalarla dövriyyədən çıxarılması və təkrar emala göndərilməsi prosesidir. Köhnə avtomobil rəsmi şəkildə ləğv edilir və onun hissələri təkrar istifadə və ya emal olunur.
Bəs avtomobil utilizasiyası zamanı nömrənin taleyi necə olur?
Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən "Ekspert-SM Ltd" MMC-nin hüquqşünası Nigar Mustafayevanın sözlərinə görə, utilizasiya zamanı nömrə ya sahibi tərəfindən təhvil verilir, ya da yığımı aparan müəssisə tərəfindən daşıtdırılır və məhv edilir: “Nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı müraciətlərin ilkin qəbulu nvu.gov.az portalı vasitəsilə həyata keçirilir. İstək olduqda utilizasiyadan əvvəl nömrəni saxlayıb yeni maşına keçirmək mümkündür. Utilizatorlar tərəfindən nəqliyyat vasitələrinin utilizasiyaya qəbulu növbəlilik qaydasında və ödənişsiz həyata keçirilir”.
N.Mustafayev bildirib ki, utilizatorlar nəqliyyat vasitəsini utilizasiyaya qəbul edərkən bir sıra sənədlər tələb edirlər: “Nəqliyyat vasitəsinin utilizasiyası üçün ərizə; nəqliyyat vasitəsini utilizasiyaya vermək üçün sərəncam vermə hüququnu təsdiq edən sənəd (etibarnamə və ya digər sənəd) lazımdır. Sənədin etibarlılıq müddəti 1 aydan az olmamalıdır. Həmçinin nəqliyyat vasitəsinin dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılması barədə müvafiq dövlət qeydiyyat orqanının yazılı məlumatı; fiziki şəxsin şəxsiyyətini təsdiq edən və ya hüquqi şəxsin dövlət qeydiyyatını (o cümlədən qanuni təmsilçisinin səlahiyyətini) təsdiq edən sənədin surəti gərəklidir.
Ərizə və ona əlavə olunan sənədlər ərizəçi tərəfindən birbaşa və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən təqdim edilməli, sənədlərin zəruri icraat müddətində qüvvədə olması təmin edilməlidir. Sənədlərdə və ya məlumatlarda çatışmazlıq və ya uyğunsuzluq olduqda ərizənin qəbul edildiyi gündən etibarən 3 iş günü müddətində bu barədə ərizəçiyə yazılı məlumat verilir, ərizəçi həmin məlumatı aldığı gündən 10 iş günü müddətində çatışmazlıq və ya uyğunsuzluqları aradan qaldırmalıdır. Bu zaman ərizəyə baxılması ilə bağlı müddətin axımı dayandırılır. Çatışmazlıq və ya uyğunsuzluqların aradan qaldırılması barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur. Ərizəçi sənədlərdə və ya məlumatlarda aşkar olunmuş uyğunsuzluqları vaxtında aradan qaldırmadıqda ərizənin baxılmamış saxlanılması haqqında qərar qəbul edilir və 3 iş günü müddətində sifarişli poçt göndərişi vasitəsilə və ya elektron qaydada ərizəçiyə göndərilir. Qeyd edim ki, çatışmazlıq və uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra ərizəçinin yenidən müraciət etmək hüququ vardır. Bununla yanaşı çatışmazlıq və ya uyğunsuzluq olmadıqda utilizasiyaya verilən nəqliyyat vasitəsinin təhvil alınması barədə akt tərtib olunur. Akta sayı beşdən az olmamaq şərtilə utilizasiyaya verilən nəqliyyat vasitəsinin fotoşəkilləri (ön, arxa, hər iki yandan və içəridən) əlavə edilir. Təsdiqedici sənədin verilməsi nəqliyyat vasitəsi akt əsasında təhvil alındıqdan sonra 2 (iki) iş günü müddətində utilizator, nəqliyyat vasitəsini utilizasiyaya verən şəxsə təsdiqedici sənəd verir”.
Şəhanə Quliyeva