Zəngilan, 2 yanvar, Aydın Yavərzadə, AZƏRTAC
Zəngilan rayonu ərazisində Bəsitçay dərəsində yerləşən eyni adlı qoruq ilin bütün fəsillərində füsunkar təbii gözəlliyi ilə diqqət çəkir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qoruğun əsas tərkib hissəsi nadir təbii çinar meşəliyindən ibarətdir.
Bəsitçay qoruğu 1974-ci ildə Azərbaycan hökumətinin qərarı ilə yaradılıb. Bəsitçay qoruğu Azərbaycanın cənub-qərbində Zəngilan ərazisində Bəsitçay dərəsində yerləşir və nadir çinar meşəliyinin qorunması məqsədilə yaradılıb. Bəsitçayın ərazisi 107 hektardır və ölkə üzrə ən kiçik qoruq sayılır. Meşə örtülü sahənin əsasını Şərq çinarı təşkil edir. Dəniz səviyyəsindən 600-800 metr nisbi hündürlükdə olan qoruğunun sağ hissəsi dik yamaclı dağlardan, sol hissəsi isə təpəliklərdən ibarətdir. Çay dərəsi boyunca ensiz allüvial düzənlik uzanır. Qoruq ərazisi qışı quraq keçən mülayim-isti iqlim tipinə aiddir. Yayının isti olması səciyyəvidir. Havanın orta illik temperaturu 13 dərəcə, illik yağıntının miqdarı 600 millimetrdir. Ərazinin iqlim şəraiti çinar meşəliyinin təbii bərpası və inkişafı üçün çox əlverişlidir. Dünyada çinarın 7 növü vardır. Azərbaycanda isə onun yalnız bir növü - Şərq çinarı inkişaf edir. Şərq çinarının çoxsahəli əhəmiyyətini, dünyada az yayılmasını, nadir bitki olmasını və son əsrlərdə xeyli azalmasını nəzərə alaraq, onun adı Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na salınıb. Burada həm təmiz, həm də qarışıq çinar meşəliyi yayılıb. Qarışıq çinarlıqlarda qoz, dağdağan, tut, söyüd, qovaq və sair ağaclar, yemişan, itburnu, murdarça, qaratikan və sair kollar inkişaf edir. Qoruqdakı çinar ağaclarının orta yaşı 165 il, orta hündürlüyü 35 metr, orta diametri isə 1 metrdir.
Qoruğun ətraf sahələrində, bəzən də özündə canavara, çöl donuzuna, porsuğa, cüyürə, dovşana, müxtəlif gəmiricilərə və sair məməlilərə, həmçinin kəklik, turac, göyərçin və sair quşlara rast gəlinir. Bəsitçay Dövlət Təbiət Qoruğunun yaradılması Azərbaycan təbiətinin nadir incilərindən olan Şərq çinarının qorunması və artırılması üçün diqqətəlayiq tədbirdir.
Qeyd etmək lazımdır ki, 30 ilə yaxın müddət ərzində işğal altında olan Bəsitçay Dövlət Təbiət Qoruğun mövcud vəziyyətinin qiymətləndirilməsi üçün əraziyə ezam olunmuş monitorinq qrupunun verdiyi məlumatlara əsasən, qoruğa aid olan 85 hektar meşə ilə örtülü sahənin 42 hektardan çox hissəsi tamamilə məhv edilib. Qarşıdakı illərdə Bəsitçay Dövlət Təbiət Qoruğu ərazisində ekoloji bərpa işlərinin aparılması, biomüxtəlifliyin qorunması və elmi əsaslarla monitorinq sisteminin qurulması nəzərdə tutulur. Bununla yanaşı, qoruğun təbii landşaftı və nadir flora-fauna zənginliyi burada ekoturizmin inkişafı üçün əlverişli şərait yaradır.