Şimali Koreya lideri Kim Çen Inın qızı Kim Cu E ilk dəfə ölkənin hakim ailəsinə məxsus Kumsusan Günəş sarayında keçirilən anım mərasimində iştirak edib.
Moderator.az xəbər verir ki, bu hadisə Cənubi Koreyanın "Yonhap" agentliyi tərəfindən onun mümkün varis kimi ön plana çəkilməsinin növbəti əlaməti kimi dəyərləndirilib.
Məlumata görə, Kim Cu E anası və atası ilə birlikdə ölkənin ən müqəddəs yerlərindən sayılan və Kim sülaləsinin qurucuları - Kim İr Sen və Kim Çen İrin dəfn edildiyi Kumsusan sarayını ziyarət edib. Bu, onun 2022-ci ildə "Hvason-17" qitələrarası ballistik raketinin buraxılışında ilk ictimai görünüşündən sonra həmin məkanı ilk ziyarətidir.
Ekspertlər bildirirlər ki, Cu Enin mərasimdə birinci sıranın mərkəzində yer alması onun siyasi gələcəyi ilə bağlı xüsusi statusa malik olduğunu göstərmək məqsədi daşıya bilər.
Cənubi Koreya kəşfiyyatının 2024-cü ildə yaydığı məlumata əsasən, Kim Cu E gələcəkdə Şimali Koreya lideri olmaq üçün əsas namizədlərdən biri hesab edilir.
O, atasını mühüm hərbi və iqtisadi obyektlərə baxış zamanı müntəzəm olaraq müşayiət edir, atom sualtı qayığının inşasından tutmuş sənaye obyektlərinin açılışlarınadək bir çox tədbirlərdə iştirak edir.
(Milli.az)