Vinger Rodriqo “Real”dan ayrılmaq qərarına gəlib.
Publika.az xəbər verir ki, braziliyalı futbolçu ötən yay baş tutmayan gediş cəhdindən sonra klubdan qəti şəkildə ayrılmaq üçün hazırlıqlara başlayıb. O, atası ilə birlikdə transferi reallaşdırmağa yönəlmiş yeni strategiya müəyyənləşdirib.
SPORT-un məlumatına görə, Rodriqo hazırda iki nüfuzlu super-agentlə danışıqlar aparır və yaxın həftələrdə yeni nümayəndə təyin etməyi planlaşdırır. Bu addım böyük transferin idarə olunması baxımından həlledici sayılır və hər iki agentlik futbolçuya əhəmiyyətli imza bonusu təklif edir.
Rodriqo 2022-ci ildən bəri agentsizdir. O, həmin il uşaqlıq dövründən “Santos”da və 2018-ci ildə “Real”a keçidində onu təmsil etmiş Nik Arkuriylə əməkdaşlığa son qoymuşdu. Bu dəfə isə futbolçu hesab edir ki, yüksək səviyyəli vasitəçi ilə işləmək klubdan ayrılma prosesini xeyli asanlaşdıracaq.
O, qış transfer pəncərəsində ayrılmağa üstünlük versə də, yanvar keçidi ehtimalı çox aşağı qiymətləndirilir. Bu səbəbdən Rodriqonun mövsümün sonuna qədər Madrid təmsilçisində qalacağı, daha sonra isə 2026-cı il dünya çempionatı ərəfəsində gələcəyini yenidən dəyərləndirəcəyi gözlənilir.