AZ

Vüqar Rəhimzadə: Yeni ildə yeni hədəflərə, yeni uğurlara doğru…

Dövlət başçısı İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti  2025-ci ilin uğurlarına qısa baxış əsasında Yeni ilin hədəflərinin təqdimatı oldu. Yeni il yeni hədəflərin müəyyənləşdirilməsi, möhtəşəm uğurlara  gedən yolun başlanğıcıdır. Möhkəm təməl, düşünülmüş siyasət Azərbaycana daim uğurlar, zəfərlər qazandırır, hər dövrün çağırışlarının yüksək səviyyədə yerinə yetirilməsini şərtləndirir.  Müraciətində  “2025-ci il arxada qaldı. Bu il də ölkəmiz üçün, xalqımız üçün uğurlu il olmuşdur. Azərbaycan xalqı sülh, təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşamışdır. Xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas amilidir” söyləyən Prezident İlham Əliyev bu əminliyi də ifadə etdi ki, qarşıdan gələn 2026-cı il də ölkəmiz üçün uğurlu olacaq, ölkə qarşısında duran bütün vəzifələr həmişəki kimi uğurla icra ediləcəkdir. 2025-ci ildə şanlı Zəfərimizin beşinci ildönümünü böyük fəxarət hissi ilə qeyd etdik, tarixi Zəfərimiz bizimlə əbədi olacaq.

Diqqəti 2025-ci ildə keçirilən Zəfərimizin beşinci ildönümünə həsr olunmuş Hərbi parada yönəldən dövlət başçısı İlham Əliyev bildirdi ki, paradda  son illər ərzində ordu quruculuğunda görülmüş işlərin bir hissəsi xalqımıza və bütün dünyaya nümayiş etdirildi. Son 5 il ərzində Azərbaycan Silahlı Qüvvələri öz gücünü böyük dərəcədə artırıb.  Yeni silahlar və texnika ilə təchiz edilmiş Ordumuz bu gün istənilən vəzifəni icra etməyə qadirdir. Son 5 ildə həm yerli istehsal olan silah və texnikadan istifadə edərək, eyni zamanda, xaricdən aldığımız silah və texnikanı Ordumuzun potensialına əlavə edərək hərbi gücümüzü böyük dərəcədə gücləndirə bildik. Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti böyük dərəcədə artdı.  Xüsusi Təyinatlı Qüvvələrin say tərkibi bir neçə dəfə artırıldı, yeni yaradılmış Komando Qüvvələrinin say tərkibi minlərlə əsgər və zabitdən ibarətdir. Prezident İlham Əliyev bu çağırışı da etdi ki, biz yeni müharibəyə hazırlaşmırıq. Bizim üçün müharibələr arxada qaldı. Ancaq bugünkü dünyada hər bir ölkə ilk növbədə öz təhlükəsizliyi haqqında ciddi düşünməlidir. Bugünkü dünyada beynəlxalq hüquq normaları işləmir, “Kim güclüdür, o da haqlıdır” prinsipi əsas prinsip kimi bir çox ölkələr tərəfindən qəbul edilib. Bütün dünyada genişmiqyaslı silahlanma prosesi gedir. Belə olan halda, biz hər an öz ərazi bütövlüyümüzü, suverenliyimizi, öz seçimimizi layiqincə müdafiə etmək üçün hazır olmalıyıq.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

 Milli Məclisin deputatı qeyd edib ki, son beş il tarixi Zəfərimizi beynəlxalq və siyasi müstəvidə möhkəmləndirmək, təsdiqləmək istiqamətində atılan addımlarla zəngin oldu. Azərbaycanın tarixi ədalətə, beynəlxalq hüquqa söykənən siyasətinə dəstək, Zəfərimizin yaratdığı reallıqların dünya miqyasında  qəbulu son beş ildə Azərbaycanın xarici siyasət uğurlarında özünün aydın ifadəsini tapır. Bunun üçün təkcə 2025-ci ildə dövlət başçısı İlham Əliyevin xarici ölkələrə, həmçinin müxtəlif ölkələrin liderlərinin Azərbaycana səfərlərinin say tərkibinə diqqət yetirmək kifayətdir. Prezident İlham Əliyev hər bir səfər çərçivəsində keçirilən görüşlərdə diqqəti tarixi Zəfərimizə və suverenliyimizin tam bərpasına yönəldərək bölgədə dayanıqlı sülhün təmin edilməsi, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması üçün  ölkəmizin qarşı tərəfə ünvanladığı  sülh təklifindən,onun reallaşması istiqamətində atılan addımlardan geniş bəhs edir. Dövlət başçısı sözügedən müraciətində diqqəti məhz bu reallıqlara yönəldərək bildirdi ki, bütün dünya bizim Zəfərimizi qəbul edir və bizim haqlı olduğumuzu əyani şəkildə görür. Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün mandat almış Minsk qrupu isə tarixin arxivinə göndərildi. Beləliklə, Qarabağ münaqişəsi artıq beynəlxalq gündəlikdən tamamilə silinmişdir. Zəfər çalmış ölkə kimi biz məğlub edilmiş Ermənistana sülh əlimizi uzatdıq. Bu da bizim uzaqgörən siyasətimizin təzahürüdür. Biz əbədi müharibə aparmaq fikrində deyilik. Bizim başqa ölkələrin torpaqlarında gözümüz yoxdur. Biz öz ərazi bütövlüyümüzü bərpa etmək üçün silahdan istifadə edərək, BMT Nizamnaməsi çərçivəsində, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında öz suveren hüquqlarımızı təmin etmişik. Vətən müharibəsindən cəmi beş il keçəndən sonra Ermənistanla paraflanmış sülh müqaviləsi bir daha xalqımızın böyüklüyünü və bizim siyasətimizin müdrikliyini göstərir. Biz cəmi beş ilə yaxındır ki, de-fakto sülh şəraitində yaşayırıq. Biz döyüş meydanında qan tökərək, şəhidlər verərək şanlı Qələbə qazanmışıq və bu Qələbəni dünyanın ən mötəbər yeri olan Amerikanın Ağ Evində, Amerika Prezidentinin iştirakı ilə möhürlədik. Beləliklə, 30 il ərzində əsas vəzifəmiz olan ərazi bütövlüyümüzün bərpası və bütün dünya tərəfindən bunun qəbul edilməsi məsələsi öz həllini tapmışdır.

 Vüqar Rəhimzadə vurğulayıb ki, son beş ilin mühüm reallıqlarından biri də işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinin aparılması, soydaşlarımızın mərhələ-mərhələ doğma yurd-yuvalarına qayıdışıdır.  Azad Qarabağımız və Şərqi Zəngəzurumuz cənnət məkana çevrilir. Bu ərazilərimizdə soydaşlarımızın yüksək səviyyədə yaşayışının təmin edilməsi üçün bütün zəruri işlər görülür. Azərbaycanın son beş ildə Böyük Qayıdış Proqramı çərçivəsində gördüyü işlərin  miqyası ölçüyəgəlməzdir. Bu, ölkəmizin iqtisadi və maliyyə imkanlarının, eyni zamanda, 30 il torpaq həsrəti ilə yaşayan xalqımızın  necə qurucu xalq olduğunun nümayişidir. Xalqımız bu günləri böyük səbirsizliklə gözləmişdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun  qəhrəmanlığı, şücaəti nəticəsində sahibinə qovuşan torpaqlarımız sevincli günlərini yaşayır. Prezident İlham Əliyev Yeni il müraciətində  bildirdi ki, Böyük Qayıdış Proqramı uğurla icra edilir. Artıq 70 minə yaxın insan işğaldan azad edilmiş ərazilərdə  yaşayır, çalışır, təhsil alır. Keçmiş köçkünlər 32 kənd, qəsəbə və şəhərdə yerləşiblər və onlar üçün ən gözəl şərait yaradılmışdır. Dövlət başçısı tarixi Zəfərimizin reallıqları fonunda bu reallığı da qeyd etdi ki, biz beynəlxalq mövqelərimizi böyük dərəcədə möhkəmləndirə bildik. Bu gün Azərbaycana dünyada böyük hörmətlə yanaşırlar. Təsadüfi deyil ki, dünyanın aparıcı beynəlxalq aktorları Azərbaycanla əməkdaşlıq etmək üçün müxtəlif təkliflər irəli sürürlər. Bizim xarici siyasətimiz çoxşaxəlidir, bu siyasət bir çox istiqamətlər üzrə uğurla aparılır.

 Millət vəkili bildirib ki, dövlət başçısı İlham Əliyev müraciətində Azərbaycanın xarici siyasət uğurları sırasında ev sahibliyi etdiyi tədbirlərdən də bəhs etdi. 2025-ci ildə ölkəmizdə bir çox mötəbər beynəlxalq tədbirlər keçirildi.  Bunların arasında işğaldan azad edilmiş Xankəndidə ECO-nun Zirvə Görüşünü, Qəbələdə Türk Dövlətləri Təşkilatının Zirvə Görüşünü qeyd edə bilərik. O da vurğulandı ki, bir çox beynəlxalq təşkilatlarla sıx əlaqələrimiz bizim maraqlarımıza uyğundur. Hər bir çıxışı, müraciəti mühüm çağırışlarla zəngin olan dövlət başçısı İlham Əliyevin sözügedən müraciətində də gələcəyimizə yönələn hədəflər öz əksini tapmışdır. “Biz hər zaman bərabərhüquqlu tərəfdaşlığın tərəfdarı olmuşuq. Biz heç vaxt imkan verməmişik ki, kimsə bizim işimizə qarışsın, kimsə bizə nəyisə diktə etsin, kimsə bizə yuxarıdan aşağı baxsın. Biz müqavimət göstərmişik, biz ciddi iradəmizi ortaya qoymuşuq, heç kimin qarşısında baş əyməmişik, heç kimə imkan verməmişik və verməyəcəyik ki, bizim işimizə qarışsın” söyləyən Prezident İlham Əliyev qeyd etdi ki,   tədricən hər kəs  belə cəhdlərin sayının  da kəskin azaldığını görür. Çünki bunun heç bir mənası yoxdur. Bizə təzyiq etmək üçün heç kimin əlində heç bir vasitə yoxdur. Bizim güclü siyasi iradəmiz, xalq-iqtidar birliyi, hərbi gücümüz, iqtisadi potensialımız, enerji siyasətimiz, nəqliyyat imkanlarımız və digər amillər bizi o qədər gücləndirib ki, heç kim bizə öz iradəsini diktə edə bilməz.

 Vüqar Rəhimzadə ölkəmizin hərtərəfli inkişafında stimulverici amil olan iqtisadi tərəqqidən də bəhs edib. Reallıq budur ki, Azərbaycan dayanıqlı iqtisadi inkişafı ilə daim dünyanın diqqətindədir. Ölkəmizin iqtisadiyyatını düzgün əsaslar üzərində qurması Azərbaycanın davamlı inkişafında əhəmiyyətli rol oynayır. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının son 22 ildən artıq dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sosial-iqtisadi göstəricilərimizdə öz təsdiqini tapır. Prezident İlham Əliyev ilk gündən bu   çağırışı etdi ki, iqtisadi tərəqqi yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır. Dövlətimizin başçısının  Yeni il müraciətində də əsas diqqət yönəltdiyi  məsələlərdən biri iqtisadi tərəqqi oldu. Bildirdi ki, valyuta ehtiyatlarımız tarixi rekord həddə çataraq  80 milyard dollardan çoxdur. Xarici borcumuz daha da aşağı düşüb, bu gün ümumdaxili məhsulumuzun cəmi 6,3 faizini təşkil edir. Bir halda ki, bəzi inkişaf etmiş ölkələrdə bu rəqəm 100 faizdir, ondan da çoxdur. Bizim valyuta ehtiyatlarımız xarici borcumuzu 16 dəfə üstələyir və təsadüfi deyil ki, dünyanın aparıcı reytinq agentlikləri Azərbaycanın kredit reytinqini qaldırıblar - investisiya reytinqini müsbət reytinq səviyyəsinə qaldırıb.

Vüqar Rəhimzadə  vurğulayıb ki, bu qeydlərimizdə  2025-ci ilin  tariximizə yazdığı uğurların yalnız az bir hissəsini diqqətə çatdırdıq. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin əsas çağırışlarından biri məhz budur ki, güclü Azərbaycan həmişə bizim hədəfimiz olub. Təbii ki, bu hədəf özündə mühüm məqamları ehtiva edir. Azərbaycanın yeni-yeni hədəflərə doğru inamla irəliləməsini şərtləndirən əsas faktor düşünülmüş siyasəti ilə ölkəmizi Zəfərlərdən Zəfərlərə aparan,  dövlətinə, xalqına bağlı Liderdir. Dövlətimizin başçısı İlham Əliyev Yeni il müraciətinin əvvəlində də  uğurlarımızda xalq-iqtidar birliyinin rolunu xüsusi vurğuladı. Ölkə Prezidenti, həmçinin müraciətində bir daha bu çağırışı da  səsləndirdi ki, dünyada yaşayan bütün azərbaycanlılar bilməlidirlər və bilirlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanıb. 2025-ci ildə olan bəzi hadisələr bir daha göstərdi ki, hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının taleyi bizim üçün qiymətlidir, önəmlidir və bizi - azərbaycanlıları ortaq tarix, dilimiz, köklərimiz, mədəniyyətimiz birləşdirir. Azərbaycanlılar hansı ölkədə yaşamalarından asılı olmayaraq, bilirlər və bilməlidirlər ki, onların Ana Vətəni müstəqil Azərbaycan dövlətidir.

Seçilən
76
13
ikisahil.az

10Mənbələr