"Football-plus.az" xəbər verir ki, MS, “Çelsi” və “Nyukasl”ın ardından “Arsenal” da yarımfinala adladı.
“Topçular” “Kristal Pelas”ın müqavimətini yalnız penalti seriyasında qıra bildi. “Emireyts”də keçirilən oyunun ilk yarısında başverənlər “qartallar”ın meydan sahiblərinə sona qədər müqavimət göstərəcəyindən xəbər vermirdi. Düzdü, topu Benitesin qoruduğu qapıdan keçirmək heç cür mümkün olmurdu. Ancaq hər kəsdə də belə hiss var idi ki, Artetanın komandası gec-tez “Pelas”ın qapısına yol tapacaq. Hətta Jezusun qol imkanlarını saga-sola xərcləməsinə baxmayaraq. Madueke ilə Martinelli də Jezusdan bir o qədər fərqlənmirdi. Hərçənd Martinellinin müəyyən alibisi var – “azad rəssam” kimi oynayan braziliyalı ilk yarıda komanda yoldaşları üçün beş qol vəziyyəti yaratdı.
Fasilədən sonra İngiltərə paytaxtındakı oyunun axarı dəyişdi. Daha Benitesin qoruduğu qapıya tərəf əvvəlki qədər çox sıxılmayan “qartallar” premier-liqanın liderini əməlli-başlı narahat etməyə başladılar. Bununla belə, sona 10 dəqiqə qalmış “Arsenal” Benitesin alınmaz qala kimi görünən qapısına yol tapdı. Əlbəttə, künc zərbəsindən sonra!
“Topçular” cari mövsümdə bütün turnirlər çərçivəsində 16-cı dəfə standart vəziyyətdən sonra qol vurdu. Daha dəqiqi, Lakrua “qapıların yerini səhv saldı”. “Pelas”ın da haqqını vermək lazımdı.
Qonaqlar qoldan sonra ruhdan düşmədi, bərabərlik ümidi ilə irəli atıldı. Nəhayət, uzatma dəqiqələrində Lermanın ötürməsindən yararlanan Qehi tablodakı rəqəmləri eyniləşdirdi. Qonaqlar “standart”a “standart” ilə cavab verdi. Turnirin reqlamentinə uyğun olaraq, əlavə vaxtsız birbaşa penalti seriyası başladı. Və çox uzun çəkdi. Seriyaya başlayan “Arsenal” ardıcıl 8 zərbəni dəqiq yerinə yetirdi. Qonaqların heyətində isə yalnız gecənin əsas bəxtsizi Lakrua büdrədi. Kepa onun zərbəsinin öhdəsindən gəldi. Turnirin yarımfinalında bizi iki oyundan ibarət maraqlı “Çelsi” – “Arsenal” dueli gözləyir.
1/4 final oyunu
Arsenal – Kristal Pelas 1:1, p. – 8:7
Lakrua, 80-öz qapısına – Qehi, 90+5.
Arsenal: Kepa, Timber, Saliba, Kalafyori, Lüis-Skelli, Eze (Edeqor, 67), Nerqor, Merino, Madueke (Saka, 67), Jezus (Rays, 86), Martinelli (Trossar, 59).
Bu mərhələnin qalan oyunları belə nəticələnib: Mançester Siti – Brentford 2:0, Nyukasl – Fulhem 2:1, Kardiff – Çelsi 1:3.
Yarımfinal oyunları yanvarın 13-ü və fevralın 4-də keçiriləcək: Çelsi – Arsenal, Nyukasl – Mançester Siti.
Oyundan sonra
Mikel Arteta, “Arsenal”ın baş məşqçisi:
“Yarımfinala çıxdığımıza görə çox sevinirəm. Elə bir komandaya qarşı oynadıq ki, qapısı önündə təhlükəli vəziyyət yaratmaq çətindi. Çoxlu qol vəziyyəti yaratdlq və daha çox qol vurmalıydıq. Hesab arasında fərq yarada bilməyəndə belə olur. Rəqib ikinci hissədə daha aqressiv oynamağa başadı. Hər halda, daha bir qələbə qazandıq”.