ain.az, Bizimyol saytına istinadən bildirir.
Stanford Universitetinin etdiyi araşdırma tez-tez şikayət etmənin hafizənin və problemlərin həllindən məsul olan hipokampusun kiçildiyi göstərilmişdir. Üstəlik sadəcə şikayət etmək deyil, birinin şikayətini 30 dəqiqədən çox dinləmək belə stress hormonlarını yüksəldərək beyinə zərər verir. Qısacası şikayət artdıqca beynin mənfi düşüncələr yaratmaq meyli də güclənir. Mütəxəssislərin fikrincə, bu vəziyyət uzun müddətdə neyron itkisinə, konsentrasiya problemlərinə və emosional tükənməyə səbəb ola bilər. Həll yolu mənfi düşüncə tərzlərini tanımaq və onları daha konstruktiv alternativlərlə əvəz etməkdir. Gündəlik həyatda müsbət düşüncəni dəstəkləyən kiçik addımlar belə zehnin qorunmasında əhəmiyyətli bir fərq yarada bilər.Şikayət etməyin beyində yaratdığı mənfi təsirlər nədir? Hansı metodlarla qarşısı alına bilər?
Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına psixoloq Aynur İsmayılova bildirib ki, tez-tez şikayət edən insanlar mənfi düşüncəyə meylli şəxslərdir.
Aynur İsmayılova
“Beynimizdə hər zaman narazı qaldığımız bir nəticə və ya proses ola bilər və bu da bizi şikayət etməyə yönəldə bilər. Bəzən bir işin nəticəsindən narazı qalırıq, bəzənsə nəticəyə aparan yolun çətinliyi və sıxıcılığı bizi şikayətə vadar edir. Hər bir şüurlu insanın razı qaldığı məqamlar olduğu kimi, narazı qaldığı nüanslar da olur. Lakin araşdırmalar göstərir ki, neqativə həddindən artıq fokuslandığımız üçün çox vaxt pozitiv tərəfləri görməyə bilərik. Halbuki, hər bir insan hadisələri və nəticəni dərindən analiz etsə, yalnız şikayət etməli məqamların deyil, məmnuniyyət doğuran tərəflərin də olduğunu görə bilər. Hər bir situasiyada narazı qaldığımız məqamlarla yanaşı, razı olduğumuz tərəflər də mövcuddur. Məsələ burasındadır ki, biz diqqətimizi hansı məqamlara yönəldirik - neqativə, yoxsa pozitivə? Bu vəziyyətdən çıxış yolu planlı şəkildə hərəkət etməkdir. Məsələn, dünən etdiyimiz bir səhvi bu gün təkrarlamamaq və diqqətimizi daha çox prosesin faydalı tərəflərinə yönəltmək vacibdir. Əgər biz yalnız nəticəyə deyil, nəticəyə aparan prosesin bizə verdiyi müsbət təsirlərə də fokuslansaq, o zaman şikayətlərimiz tədricən azalacaq.
Yaşadığımız hər bir prosesdə şikayət etdiyimiz məqamlarla yanaşı, bizə xeyir gətirən tərəflər də mövcuddur. Əgər həmin faydalı tərəfləri araşdırsaq və diqqətimizi ora yönəltsək, şikayət etməyə meylimiz tədricən azalacaq. Hətta zamanla pozitiv düşüncəyə yönəlmək, hər situasiyada bizə fayda verən məqamları dəyərləndirib onlara vaxt ayırmaq, ümumilikdə şikayətləri xeyli azalda bilər.
Ümumiyyətlə, mənfi düşüncələrdən azad olmağın ən effektiv yollarından biri psixoloji dəstək almaqdır. Digər bir üsul isə insan hər günə başlamazdan əvvəl və ya gün bitdikdən sonra yalnız pozitiv hadisələri yada salaraq şikayətlənməkdən azad ola bilər”-deyə psixoloq Aynur İsmayılova qeyd edib.
Günel Həsənova, Bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.