Ağstafa, 2 yanvar, Ruslan Novruzoğlu, AZƏRTAC
Ağstafa rayonunun Köçəsgər kənd sakini, 9-cu sinif şagirdi Xədicə Əhmədova qeyri-adi bacarığı ilə həm yaşıdlarından seçilir, həm də ətraf mühitin qorunmasına töhfə verir. O, artıq 3 ildən çoxdur ki, karton, plastik və taxta tullantılarından müxtəlif maketlər hazırlayır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xədicənin əl işləri arasında xüsusi maraq doğuran məqam tullantılardan düzəltdiyi texnoloji vasitələrdir. O, hazırladığı videokamera, fotoaparat və yanğınsöndürən maşın maketlərinə müxtəlif detallar əlavə edərək, onları daha real və funksional hala gətirib. 15 yaşlı bu istedadın yaradıcılığında vətənpərvərlik mövzusu da geniş yer tutur: Xocalı faciəsi, Xudafərin körpüsü, Şuşa qalası və müxtəlif hərbi texnikaların maketləri buna nümunədir.
“Arzum gələcəkdə dizayner olmaqdır. Bu sahəyə böyük həvəsim var. Kiçik yaşlarımdan sadə işlər görməyi sevirdim. Gələcəkdə bu sahənin biznesini təşkil etməyi planlaşdırıram. Əldə etdiyim gəliri aztəminatlılara, ehtiyacı olanlara sərf etməyi düşünürəm. Əl işlərimin içərisində vətənpərvərlik mövzusunda olanlar da çoxdur. Xocalı faciəsinə aid, Xudafərin körpüsü, Şuşa qalası, hərbi texnikaların maketlərini düzəltmişəm”, - deyə Xədicə bildirib.
Onun ən böyük arzularından biri əsərlərinin sərgisini təşkil etməkdir. Lakin indiyə qədər müxtəlif sərgilərdə də əl işləri nümayiş etdirilib. Hazırda “milli toy adəti” mövzusunda musiqiçilər və musiqi alətlərindən ibarət əsər üzərində işləməyi planlaşdırır.
Xədicə deyir ki, əl işləri sırf özünün ideyası nəticəsində ərsəyə gəlir. İlk düzəltdiyi isə güldan maketi olub.
O, öz bacarığını Ağstafa Gənclər Evində daha da təkmilləşdirir. Müəssisə ona həm material, həm də istiqamət baxımından yaxından köməklik göstərir.
Ağstafa Gənclər Evinin psixoloqu Lətifə Vəlizadə bildirib ki, Xədicə rayonun istedadlı gənclərindəndir və onun bir çox əl işi var: “Çoxunu bizim Gənclər Evində hazırlayıb. Belə istedadlara dəstək oluruq. Ağstafa Gənclər Evi sosial-xidmət müəssisəsində rəsm və toxuculuq dərnəklərimiz var. Həmçinin innovasiya, təlim və inkişaf, sosial fəaliyyətlər, yaradıcılıq, vətənpərvərlik, analitik tədqiqat klubları fəaliyyət göstərir. Mütəmadi olaraq psixoloji təlimlər, maarifləndirici seminarlar, sosial layihələr, intellektual yarışlar, könüllülük fəaliyyəti və müxtəlif mövzularda tədbirlər keçirilir”, - deyə Ağstafa Gənclər Evinin psixoloqu Lətifə Vəlizadə əlavə edib.
Qeyd edək ki, hazırda Ağstafa Gənclər Evində 50 gənc müxtəlif proqram və fəaliyyətlərə cəlb olunub. Müəssisə rayon gənclərinin ictimai fəallığının artırılmasına, liderlik bacarıqlarının formalaşdırılmasına, istedadlı gənclərin üzə çıxarılmasına və cəmiyyətə fəal inteqrasiyasına xidmət edir.