AZ

“Təəssüf ki, kənardayam, səbəbini bilmirəm” – Arif Əsədov 2025-dən gileyləndi

2025-ci illə vidalaşdıq, 2026-cı ili qarşıladıq. Maraqlıdı, bəs, bu il hansı önəmli hadisələrlə xatırlanacaq?

Bu sualı təcrübəli mütəxəssis Arif Əsədova ünvanladıq. Onun “Football-plus.az”a cavabı:
“Təbii ki, əsas uğur “Qarabağ”ın Çempionlar Liqasındakı çıxışıdı. Milli isə yenə uğursuz oldu. Müsbət tərəf Fernando Santuşun baş məşqçi postundan azad edilməsi, bu vəzifəyə Ayxan Abbasovun təyin edilməsi oldu. FİFA U-20-lərin dünya çempionatının Azərbaycanda və Özbəkistanda keçirilməsinə qərar verdi. Həmçinin AFFA-nın inkişaf strategiyasının həyata keçirilməsiylə bağlı ilkin addımlar atıldı. Bununla belə, hakimlərimiz özünü yaxşı tərəfdən göstərdi. Daxili çempionatlarda narazılıqlar yaransa da, beynəlxalq arenada ölkəmizi layiqincə təmsil etdilər. Düzü, yaddaqalan hadisələrin sayı çox azdı. Özüm yığmada köməkçi məşqçi və müvəqqəti baş məşqçi kimi çalışdım. İndi maariflənmə sahəsində işləyirəm ki, Azərbaycan futboluna daha çox fayda verim. Amma mənim əsas peşəm məşqçilikdi. Bu sahədə futbola daha çox xeyir verə bilərəm. Təəssüf ki, kənardayam, səbəbini bilmirəm. Ümid edək ki, 2026-cı il futbolumuz üçün yaxşı dönəm olar. Həm özümə, həm də futbol ictimaiyyətinə uğurlar arzulayıram”.

KƏNAN BAHADIR
Seçilən
71
1
football-plus.az

2Mənbələr