Məlum olduğu kimi, ötən gün müğənni Mərdan Kazımov Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovaları sərt tənqid edib.
Müğənni AzTV-nin Yeni il şənliyində Xalq artistlərinin səsləndirdikləri “Cavanlığım” mahnısının aranjimanının onun icazəsi olmadan istifadə edildiyini bildirib. O, bununla bağlı narazılığını açıq şəkildə ifadə edərək deyib:
“İcazəsiz bizim aranjimanımızdan istifadə edirsiniz, canınız sağ olsun, heç olmasa mənim səsimi silərdiniz. Biz qrupla bu mahnının aranjimanı üçün çox əziyyət çəkmişik, bütün alətlər canlı ifa olunub. İcazə almaq bu qədərmi çətindir? Halbuki biz bu mahnıları oxuyanda bəstəkarlarından, əgər vəfat ediblərsə, bəstəkarın varisindən mütləq icazə alırıq. AzTV, siz ümumiyyətlə niyə nəzarət etmirsiniz?”
Mərdan Kazımov bu gün məsələ ilə bağlı yeni açıqlama yayaraq qalmaqalın artıq öz həllini tapdığını bildirib. Müğənninin sözlərinə görə, tərəflər arasında anlaşma əldə olunub: “Gülyaz xanım zəng vuraraq mənimlə əlaqə saxladı və məsələni aydınlaşdırdıq. Məlum oldu ki, bir neçə ay öncə bir dostum məndən bu mahnının aranjimanı üçün icazə almışdı. Mən də aranjimanı birbaşa onlara göndərmişdim. Daha sonra həmin dostum bu aranjimanı bir toy məclisində ifa edərkən Gülyaz və Gülyanaq xanımlar eşidiblər və bəyəndikləri üçün ondan alıblar. Gülyaz xanım bildirdi ki, bunun mənə aid olduğunu bilməyiblər”.
Qeyd edək ki, Mərdan Kazımov Xalq artisti Mələkxanım Eyyubovanın bloger qızı Nəzrin Nəcəfova ilə ailəlidir.