Ukraynalı mütəxəssis Yuri Vernidubun bu yaxınlarda “Neftçi”nin baş məşqçisi təyin olunması ilə bağlı maraqlı detal üzə çıxıb.
QOL.az Rusiya “çempionat” saytına istinadən xəbər verir ki, “TaToTake” adlı məşhur YouTube kanalının məlumatına görə, Vernidubun “Neftçi” ilə bağladığı müqavilədə xüsusi bənd mövcuddur.
Həmin bəndə əsasən, baş məşqçinin məsuliyyət dairəsinə daxil olan bütün məsələlərdə Rusiya klubları ilə istənilən formada əlaqələr tam istisna edilir. Bu, həm transfer siyasətinə, həm də Rusiya komandaları ilə mümkün yoldaşlıq oyunlarına aiddir.
Qeyd edək ki, daha əvvəl “Neftçi”nin Yuri Vernidub və onun köməkçilərinin ölkədən çıxışı üçün Ukraynanın müvafiq qurumlarına müraciət etdiyi və bunun nəticəsində mütəxəssisin yeni klubunda fəaliyyətə qanuni şəkildə başladığı bildirilmişdi.