AZ

SDF üç şərt irəli sürdü, Dəməşq dərhal əməliyyata hazırlaşmağa başladı

Dəməşq hökuməti ilə Suriya Demokratik Qüvvələri (SDF) arasında 10 mart tarixində Suriyada imzalanan sazişdə nəzərdə tutulan son müddət başa çatıb.

Turkustan.az xəbər verir ki, məlumata görə, inteqrasiyaya getmək istəməyən SDF müddətin uzadılmasını tələb etsə də, Dəməşq hökuməti təşkilatın “xoş niyyətli olmamasını” əsas gətirərək bu tələbi rədd edib.

Bildirilir ki, sazişin 8 bəndinin icrası istiqamətində heç bir real addım atmayan SDF yalnız hərbi inteqrasiyadan deyil, eyni zamanda inzibati və iqtisadi inteqrasiyadan da imtina edir. Fərat çayının şərqində geniş ərazilərə nəzarət edən təşkilatın Fərat–Dəclə hövzəsindəki neft və qaz yataqlarına, strateji su ehtiyatlarına, eləcə də kənd təsərrüfatı və heyvandarlıq baxımından güclü bölgələrə sahib olduğu qeyd olunur.

“Yeni Şafak” qəzetinin məlumatına görə, SDF Dəməşq hökumətindən Xarici İşlər, Müdafiə və Daxili İşlər nazirliklərini tələb edib. Lakin Suriya hökuməti bu tələbləri qəti şəkildə rədd edib. Mənbələr SDF-nin prosesə qarşı konstruktiv mövqe nümayiş etdirmədiyini vurğulayır və mümkün hərbi əməliyyata hazırlıqların sürətləndirildiyini bildirirlər.

Fəratın şərqində ərəb əhalisinin sıx yaşadığı bölgələrdə qəbilə təsirinin böyük əhəmiyyət daşıdığı qeyd olunur. Deyr əz-Zorda bir araya gələn ərəb qəbilə nümayəndələrinin, SDF-nin 10 mart sazişinə əməl etmədiyi təqdirdə hərbi əməliyyatlara başlayacaqlarını bəyan etdikləri xatırladılır. Bu bölgələrin yenidən mərkəzi hökumətə inteqrasiyasının Suriyanın iqtisadi bərpası baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanır.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
103
1
turkustan.az

2Mənbələr