AZ

“Hədəfim Avropanın top klublarında oynamaqdır” – Mateus Koxalski

“Qarabağ”ın qapıçısı Mateus Koxalski mətbuata geniş müsahibə verib. O, “Qarabağ”ın hədəflərindən və gələcək karyerasından söz açıb.

Azərbaycan futbolunda qış fasiləsi zamanı biz Mateuş Koxalski ilə görüşdük.

– 2025-ci il başa çatır. Karyeranız baxımından bu ili necə dəyərləndirirsiniz?

– Düşünürəm ki, il uğurlu alındı. Amma 100 faiz özümü ideal hesab etmirəm. Daha yaxşı oynaya biləcəyim epizodlar oldu. Bununla belə, qürur duyduğum anlar da az deyil.

– Azərbaycanla bağlı gözləntiləriniz doğruldumu?

– Qismən bəli. Azərbaycan çox maraqlı ölkədir. Bakının təhlükəsizliyi və təmizliyi məni xoş təəccübləndirdi.

– Çempionlar Liqasında oynamaq hər futbolçunun arzusudur. Bu reallaşdıqdan sonra növbəti hədəfiniz nədir?

– Məqsədim hər gün daha da inkişaf etmək, Avropanın top klublarında oynamaq və Polşa millisində debüt etməkdir.

– “Qarabağ”da kimlə adaptasiya daha asan oldu?

– Ən yaxın münasibətim Aleksey Kaşukladır. İlk gündən aramızda yaxşı ünsiyyət yarandı və ən çox vaxtı onunla keçirirəm. Amma ümumilikdə bütün komanda yoldaşlarımla münasibətlərim əladır.

– Bakı həm böyük, həm də kiçik şəhərdir. Tanınmağınız sizə kömək edibmi?

– Çempionlar Liqasındakı oyunlardan sonra şəhərdə sakit gəzmək çətinləşib, azarkeşlərlə şəkil çəkdirmədən olmur. Bu isə çox xoşdur. Bir dəfə valideynlərim şəhər mərkəzindəki mağazalardan birində pulsuz hədiyyələr almışdılar. Açığı, bahalı əşyalar idi və çox təəccübləndim.

– Azərbaycan mətbəxi barədə nə deyə bilərsiniz?

– Açığı, yeməkdə bir az seçiciyəm. Amma klubda hazırlanan şorbaları çox sevirəm. Bir də paxlava — bu mənim sevimli desertimdir, qarşısında durmaq çox çətindir.

– Azərbaycanda sizi ən çox nə təəccübləndirdi?

– İnsanların səmimiyyəti və kömək etməyə hazır olmaları. Mənfi tərəf kimi isə yol hərəkətini qeyd edə bilərəm — bəzən elə bilirsən qaydasız yarışdasan.

– Azərbaycan Premyer Liqasının səviyyəsini necə qiymətləndirirsiniz?

– Ən çətin rəqiblər “Zirə” və “Sabah”dır. Keyfiyyətli futbolçuları və yüksək mübarizə ruhları var. Ümumilikdə liqanın inkişaf etdiyini görmək olur və hər oyuna maksimum motivasiya ilə çıxmaq lazımdır.

– Çempionlar Liqasında hansı oyundan razı qaldınız, hansından yox?

– “Ferensvaroş”a qarşı cavab oyunundan razı qaldım. Məğlub olmağımıza baxmayaraq növbəti mərhələyə çıxmağa kömək etdim. Ən az razı qaldığım oyun isə ötən mövsüm Avropa Liqasında “Tottenhem”ə qarşı matç idi. Səbəblər aydındır.

– Baş məşqçi Qurban Qurbanovun çox tələbkar olduğu deyilir. Bu doğrudurmu?

– Bəli, o, çox ciddi və tələbkardır. Amma məhz buna görə “Qarabağ” bu səviyyədə çıxış edir.

– Ağdam şəhəri barədə nələr bilirsiniz?

– Komanda ilə birlikdə şəhəri ziyarət etmişik. Tarixi ilə dərindən tanış deyiləm, amma müharibə və həyatını itirən insanlar haqqında eşitmişəm. Həm çox gözəl, həm də çox kədərli bir hekayədir.

– Hansı liqada oynamaq arzusundasınız?

– Ən böyük arzum İngiltərə Premyer Liqasıdır. Amma futbol kompüter oyunu deyil, hər şey bizim əlimizdə olmur. Avropanın TOP-5 liqalarından birində oynamaq da məni xoşbəxt edər.

– Qapıçılar arasında kumiriniz varmı?

– Bəli, uşaqlıqdan Polşanın məşhur qapıçısı Artur Boruts mənim kumirim olub.

– Sosial şəbəkələr həyatınızda hansı rolu oynayır?

– Minimum. Çox aktiv deyiləm, buna ehtiyac görmürəm. Mənim üçün ətrafımdakı insanlar daha önəmlidir.

– 2026-cı il üçün özünüzə və yaxınlarınıza nə arzulayırsınız?

– İdman baxımından Polşa millisində debüt etmək. Amma ən vacibi sağlamlıq və xoşbəxtlikdir. Bunlar olmadan məqsədlərə çatmaq çox çətindir. (Regionplus.az)

Seçilən
23
idmanxeber.az

1Mənbələr