El Pais: Sürgündə olan müxalifət məlumatlar təsdiqlənənədək gözləmə mövqeyi tutur...
Venesuela müxalifətinin sürgündə fəaliyyət göstərən nümayəndələri ölkədə baş verən son hadisələrlə bağlı hələlik şərh verməkdən imtina ediblər.
Poliqon xəbər verir ki, bu barədə İspaniyanın El Pais qəzeti müxalifətə yaxın mənbələrə istinadla məlumat yayıb.
Nəşrin yazdığına görə, adı açıqlanmayan mənbələr Karakasda və Venesuelanın digər bölgələrində səhər saatlarında baş verən partlayışlar, eləcə də Nikolas Maduro hökumətinin bu hadisələrlə bağlı açıqlamaları fonunda mövqelərini açıqlamağı vaxtsız hesab edirlər. Onların sözlərinə görə, mövcud məlumatlar ziddiyyətlidir və hadisələrin real miqyası hələ tam aydın deyil.
Mənbələr bildiriblər ki, sürgündə olan müxalifət strukturları vəziyyəti diqqətlə izləyir və yalnız etibarlı, təsdiqlənmiş məlumatlar əldə edildikdən sonra rəsmi mövqe ortaya qoymağı planlaşdırır. El Pais vurğulayır ki, bu ehtiyatlı yanaşma həm təhlükəsizlik səbəbləri, həm də Venesueladakı mürəkkəb siyasi vəziyyətlə əlaqədardır.
Müşahidəçilərin fikrincə, müxalifətin susqunluğu ölkədəki qeyri-müəyyənliyin dərinliyini göstərir və yaxın saatlar və ya günlər ərzində hadisələrin inkişafı onların gələcək addımlarına birbaşa təsir göstərə bilər.
Poliqon.info