İndi onun harada olduğunu bir Allah, bir də Tramp bilir...
Tam adı Nikolas Maduro Moros olan Venesuelanın artıq sabiq hesab olunan dövlət başçısı 23 noyabr 1962-ci ildə paytaxt Karakas şəhərində anadan olub.
Keçmiş Venesuela prezidenti Uqo Çavesin yaxın silahdaşı olan Maduro 2012-ci ildə dövlət başçısının müavini vəzifəsinə təyin edilib. Çavesin 5 mart 2013-cü ildə vəfat etməsindən sonra isə müvəqqəti dövlət başçısı kimi ölkə rəhbərliyini üzərinə götürüb.

Ailə mənşəyi və erkən həyatı
Maduro Karakasda fəhlə sinfinə mənsub bir ailədə dünyaya gəlib. Atası Nikolas Maduro Qarsiya həmkarlar ittifaqı lideri olub və 22 aprel 1989-cu ildə yol-nəqliyyat qəzası nəticəsində həlak olub. Anası Teresa de Jesus Moros Kolumbiyanın Kukuta şəhərində doğulub.
Roma katoliki kimi böyüdülən Maduronun 2000-ci illərdə hindli guru Sathya Sai Babanın ardıcıllarından biri olduğuna dair məlumatlar yayılıb. Özünü mestizo kimi tanıdan Maduro yerli xalqlara və Afrika mənşəli köklərə sahib olduğunu bildirib. O, həmçinin ailə soyunun bir hissəsinin Sefarad yəhudilərinə dayandığını qeyd edib.
Los Jardines – El Valle bölgəsində böyüyən Maduro dörd uşaqdan yeganə oğlandır. Onun María Teresa, Josefina və Anita adlı üç bacısı var. Sol baxışlı bir ailədə böyüyüb.
Evlilikləri və ailəsi
Maduro iki dəfə evlənib. İlk nikahını Adriana Guerra Angulo ilə bağlayıb və bu evlilikdən Nikolas Maduro Guerra adlı oğlu dünyaya gəlib. “Nicolasito” ləqəbi ilə tanınan oğlu hökumətdə müxtəlif yüksək vəzifələrə təyin olunub.
Daha sonra siyasətçi və hüquqşünas Cilia Flores ilə ailə həyatı qurub. Cütlük 1990-cı illərdən etibarən münasibətdə olub və rəsmi nikahlarını 2013-cü ilin iyulunda bağlayıblar. Maduronun Flores ilə bioloji övladı yoxdur.

Siyasi karyerası
Maduro siyasi fəaliyyətinə ictimai nəqliyyat sektorunda avtobus sürücüsü və həmkarlar ittifaqı nümayəndəsi kimi başlayıb. 1990-cı illərdə Uqo Çavesin liderliyində yaradılmış Beşinci Respublika Hərəkatının qurucularından biri olub. Çavesin 1992-ci ildəki uğursuz hərbi çevriliş cəhdindən sonra həbsdən azad olunmasında rol oynayan fiqurlardan biri kimi tanınır.
1998-ci il prezident seçkilərində Çavesin seçki kampaniyasında regional koordinator kimi fəaliyyət göstərib. 2000-ci illərdə deputat olub, daha sonra isə Milli Assambleyanın sədri vəzifəsinə yüksəlib. 2006-cı ildə xarici işlər naziri təyin edilib və 2012-ci ilə qədər bu postu tutub.
10 oktyabr 2012-ci ildə Çaves tərəfindən dövlət başçısının müavini təyin olunub. Çavesin vəfatından sonra isə müvəqqəti dövlət başçısı statusu alıb.
Mübahisəli prezidentlik dövrü
2013-cü il prezident seçkilərində az fərqlə qalib gələn Maduro Çavesin sosialist siyasətini davam etdirdi. Lakin bu dövrdə Venesuela dərin iqtisadi böhranla üzləşdi. Yüksək inflyasiya, işsizlik, korrupsiya ittihamları və milli valyuta olan bolívarın kəskin dəyərdən düşməsi ölkəni ciddi sosial-iqtisadi böhrana sürüklədi.
2015-ci il parlament seçkilərində müxalifət böyük qələbə qazanaraq Milli Assambleyada çoxluq əldə etdi. Bunun ardınca hökumət, parlament və məhkəmə hakimiyyəti arasında ciddi siyasi qarşıdurma yarandı və ölkənin siyasi sistemi faktiki olaraq iflic vəziyyətə düşdü.

İkinci dövr (2019–2024)
Maduro 20 may 2018-ci ildə keçirilən prezident seçkilərində 67,8 faiz səs toplayaraq yenidən prezident elan edildi. Lakin seçkilərdə iştirak səviyyəsinin aşağı olması və müxalifətin prosesdə iştirak etməməsi beynəlxalq aləmdə ciddi tənqidlərə səbəb oldu.
Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı və bir sıra dövlətlər seçkilərin nəticələrini tanımadıqlarını açıqladılar. Buna baxmayaraq, Rusiya, Çin, Türkiyə, Kuba və İran Maduro’nun prezidentliyini legitim hesab etdiklərini bildirdilər.
Üçüncü dövr (2024–?? )
2025-ci ilin 10 yanvarından başlayan altı illik prezidentlik dövrünün ili tamam olmamış hakimiyyətini itirib. Onun son seçki prosesi də son dərəcə mübahisəli oldu. Beynəlxalq müşahidəçilər seçkilərin nə azad, nə də ədalətli keçirildiyini, Maduro hakimiyyətinin dövlət institutlarının böyük hissəsinə nəzarət etdiyini və siyasi müxalifəti seçkidən əvvəl, seçki zamanı və sonrasında ciddi təzyiq altında saxladığını bildirdilər.
Müxalifətin əsas namizədi María Corina Machado məhkəmə qərarı ilə seçkilərdən kənarlaşdırıldıqdan sonra müxalif qüvvələr Edmundo Gonzalez ətrafında birləşdi. Gonzalezin böyük fərqlə qalib gəldiyini göstərən çoxsaylı protokol və sübutlara baxmayaraq, Mərkəzi Seçki Komissiyası heç bir əsaslandırma təqdim etmədən qalib kimi Nikolas Maduronu elan etdi.

Maduro hakimiyyəti ABŞ-nin Venesuela üzərində iqtisadi və siyasi təsirini azaltmağa çalışdıqca, ABŞ da onu avtoritar idarəçilik, korrupsiya və insan hüquqlarının pozulması ittihamları ilə hədəfə aldı və sanksiyalar tətbiq etdi. Xüsusilə neft ixracına yönəlmiş bu sanksiyalar Venesuela iqtisadiyyatını daha da zəiflətdi. Halbuki ölkə artıq illərdir yanlış iqtisadi siyasət, valyuta nəzarəti, istehsalın çökməsi və korrupsiya səbəbilə ağır vəziyyətdə idi.
Hiperinflyasiya, bolivarın sürətlə dəyərdən düşməsi, əsas istehlak məhsullarının qıtlığı və yüksək işsizlik Maduro dövrünün əsas iqtisadi reallıqlarına çevrildi. Bu iqtisadi çöküş ABŞ ilə siyasi gərginliyi artırmaqla yanaşı, Venesuelanı beynəlxalq arenada daha mübahisəli və qeyri-sabit bir mövqeyə gətirdi.
İndi onun harada olduğunu bir Allah, bir də Tramp bilir...
/Musavat.com