AZ

Mikroplastiklərin arteriyaları tıxamasına dair dəlillər tapıldı - Tədqiqat

ABŞ-də aparılan yeni eksperimental tədqiqat mikroplastiklərin aterosklerozu, yəni damarların sərtləşməsini birbaşa sürətləndirə biləcəyini göstərib. Alimlər bu nəticəni indiyə qədər əldə olunan ən güclü elmi dəlillərdən biri kimi qiymətləndirirlər.

E-saglam.az xəbər verir ki, Kaliforniya Universitetinin rəhbərliyi ilə aparılan və “Environment International” jurnalında dərc olunan araşdırmada mikroplastik verilən laboratoriya siçanlarının damarlarında ciddi lövhə yığılması müşahidə edilib. Maraqlı məqam ondan ibarətdir ki, bu təsir əsasən erkək siçanlarda qeydə alınıb.

Doqquz həftəlik müşahidə dövründə siçanlara ətraf mühitdə insanın qida və su ilə qəbul edə biləcəyi səviyyəyə yaxın miqdarda mikroplastik verilib. Çəki artımı və xolesterolda ciddi dəyişiklik olmasa da, erkək siçanların əsas damarlarında lövhə yığılması kəskin şəkildə artıb. Bəzi arteriyalarda bu artım yüzlərlə faizlə ifadə olunub.

Tədqiqatçılar müəyyən ediblər ki, mikroplastiklər damarların daxili səthini örtən endotel hüceyrələrinə mənfi təsir göstərir. Bu hüceyrələrdə lövhə əmələ gəlməsini sürətləndirən genlərin aktivləşdiyi aşkarlanıb. Oxşar təsir laboratoriya şəraitində yetişdirilən insan damar hüceyrələrində də müşahidə edilib.

Araşdırmanın müəllifləri ehtimal edirlər ki, dişi orqanizmdə estrogen hormonunun qoruyucu təsiri ola bilər. Lakin mexanizmin tam aydınlaşdırılması üçün əlavə tədqiqatlara ehtiyac olduğu vurğulanır. Mütəxəssislər mikroplastiklərin ürək-damar sağlamlığı üçün potensial risk yaratdığını və bu problemin gələcəkdə daha ciddi şəkildə araşdırılmalı olduğunu bildirirlər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
49
e-saglam.az

1Mənbələr