Dünya əhalisi 2025-ci ildə 8,2 milyardı ötüb.
"Cebheinfo.az" xəbər verir ki, bu haqda Birləşmiş Millətlər Təşkilatı (BMT) məlumat yayıb.
Bildirilib ki, 1998-ci ildə 6 milyarda, 2010-cu ildə 7 milyarda və 2022-ci ildə 8 milyarda çatan dünya əhalisinin hazırda 8,2 ilə 8,3 milyard arasında olduğu təxmin edilir.
Statistika platforması “Worldometer”-in rəsmi məlumatlar əsasında hazırladığı təxminlərə görə, dünya əhalisinin təxminən 59 %-i Asiyada, 19 %-i Afrikada, 9 %-i Avropada, 8 %-i Latın Amerikası və Karib dənizi ölkələrində, təxminən 5 %-i isə Şimali Amerikada yaşayır.
Dünya əhalisinin 2037-ci ildə 9 milyarda, 2060-cı ildə isə 10 milyarda çatacağı gözlənilir.2025-ci il etibarilə dünyada əhalisi 100 milyonu keçən 16 ölkə var. Əhali sayına görə qlobal liderlər olan Çin və Hindistan əhalisi bir milyardı keçən iki ölkədir və birlikdə dünya əhalisinin təxminən üçdə birini təşkil edirlər.
Hindistan 1,46 milyard, Çin isə 1,41 milyard əhalisi ilə bu siyahıda ilk iki yerdədir. Əhali sayı 200 milyonun üzərində olan digər ölkələr isə ABŞ, Endoneziya, Pakistan, Nigeriya və Braziliyadır.
ABŞ-da 347 milyondan çox, Endoneziyada isə 285 milyon əhali yaşayır və ölkə ən çox müsəlman əhalisinə malikdir. Pakistanın əhalisi 255 milyon, Nigeriyanın 237 milyon nəfərdir. Braziliyada isə 212 milyon əhali yaşayır və bu ölkə Cənubi Amerikanın ən böyük əhalisinə malikdir.
Əhali sayı 100–200 milyon arasında olan ölkələr arasında isə Banqladeş, Rusiya, Efiopiya, Meksika, Yaponiya, Misir, Filippinlər, Konqo Demokratik Respublikası və Vyetnam yer alır.
Qeyd etmək lazımdır ki, Avropada yerləşən və əhalisi 100 milyonu aşan heç bir ölkə yoxdur. Buna ən yaxın ölkə Almaniyadır, onun əhalisi təxminən 80 milyondur.
Bu göstərici Avropada əhali artımının yavaş olduğunu və bir çox ölkələrin yaşlanan əhali və miqrasiya kimi problemlərlə üzləşdiyini göstərir.
Əhali artımını nəzarətdə saxlamaq üçün 1979-2015-ci illər arasında tək uşaq siyasəti tətbiq edən Çin, doğum nisbətlərinin tarixi azalması, əhalinin sürətlə yaşlanması və işçi qüvvəsinin azalması səbəbindən 2026-cı ilə qədər doğum nisbətlərini artırmaq üçün yeni tədbirlər həyata keçirir.
Buna görə 1 yanvar 2026-cı il tarixindən etibarən hökumət müxtəlif doğum nəzarət məhsullarına 13 % əlavə dəyər vergisi tətbiq edib.
Bu qərar 1993-cü ildə bütün doğum nəzarət məhsullarının vergidən azad edilməsi qərarının ləğv olunması deməkdir. Son üç ildə əhalisi stabil şəkildə azalan Çin, 2023-cü ildə dünyanın ən böyük əhalisi olan ölkə titulunu Hindistana təhvil verib.