ABŞ prezidenti Donald Trump Venesuelada aparılan əməliyyatla bağlı yeni detallar açıqlayıb.
Modern.az xəbər verir ki, "Fox News" telekanalına müsahibəsində Tramp bildirib ki, ABŞ qüvvələrinin endirdiyi zərbələr zamanı amerikalı hərbçilər arasında itki olmayıb. Onun sözlərinə görə, əməliyyat yüksək səviyyədə planlaşdırılıb və risklər minimuma endirilib.
Tramp qeyd edib ki, hazırda Venesuelada növbəti mərhələ və ölkə rəhbərliyinin gələcəyi ilə bağlı qərarlar üzərində düşünür. ABŞ prezidentinin sözlərinə görə, Vaşinqton bundan sonra Venesuelanın neft sənayesində güclü şəkildə iştirak edəcək.
ABŞ prezidenti həmçinin açıqlayıb ki, o, Venesuela prezidenti Nikolas Maduro ilə təxminən bir həftə əvvəl telefon danışığı aparıb. Tramp Maduraya və ona sadiq qalan çevrələrə açıq mesaj verərək bildirib ki, rejimə sadiq qalan şəxsləri “pis gələcək” gözləyir. Onun sözlərinə görə, Venesuela daxilində hələ də Maduroya bağlı olan qüvvələr üçün vəziyyət getdikcə ağırlaşacaq.
Tramp ölkənin siyasi gələcəyi ilə bağlı suala da toxunub. O bildirib ki, Venesuelada hazırda vitse-prezident var və müxalifət lideri María Korina Maçadonun ölkəyə rəhbərlik edib-etməyəcəyi məsələsi ayrıca qiymətləndiriləcək. ABŞ prezidenti bu qərarın tələsik verilməyəcəyini vurğulayıb.
Əməliyyatın vaxtına da aydınlıq gətirən Tramp deyib ki, ABŞ qüvvələri daha əlverişli hava şəraiti üçün dörd gün gözləməli olub. Onun sözlərinə görə, hava amili əməliyyatın təhlükəsiz və uğurlu icrası baxımından həlledici rol oynayıb.