AZ

“Qəbristanlıq mafiyası”nın şok əməli: dərhal prokurorluğa müraciət edilməlidir

Son günlər sosial şəbəkələrdə və ictimai müzakirələrdə Bakıda qəbiristanlıqlarda dəfn prosesi ilə bağlı yayılan xəbərlər geniş narazılığa səbəb olub. Belə ki, iddialara görə, paytaxt ərazisində qəbiristanlıqda bir şəxsin dəfn olunması üçün 20 min manat tələb edilir. Vətəndaşlar bu məbləğin qanunvericiliyə zidd olduğunu və sosial baxımdan qəbuledilməz sayıldığını bildirirlər.

Azərbaycanda dəfn yerlərinin ayrılması və bu prosesdə ödəniş məsələləri qanunvericiliklə necə tənzimlənir? Qəbiristanlıqlarda qeyri-rəsmi ödənişlərin qarşısının alınması üçün hansı mexanizmlər mövcuddur və vətəndaşlar belə hallarla qarşılaşdıqda hara müraciət etməlidirlər?

Vəkil Ramil Süleymanov deyib ki, vətəndaşlardan 20 min manat məbləğində pul tələb olunması birmənalı şəkildə qanunvericiliyə ziddir və cinayət tərkibi yaradır:

“Çünki qanunla nəzərdə tutulmayan hər hansı məbləğin tələb edilməsi açıq-aşkar cinayət əməlidir. Təəssüf ki, bəzi işbazlar yaxşı bilirlər ki, insan itkisindən sonra vətəndaşlar psixoloji baxımdan sarsıntı keçirir, diqqətləri əsasən dəfn prosesinin təşkilinə yönəlir və bu müddətdə hər hansı quruma müraciət etmək imkanları məhdud olur. Məhz bu əlverişsiz vəziyyətdən istifadə edən, bəzən isə vəzifəli şəxslər olan həmin işbazlar vətəndaşlardan qanunsuz şəkildə pul tələb edirlər. Bu hallar təkcə Bakı şəhərində deyil, respublikanın digər şəhər, rayon, qəsəbə və kəndlərində də müşahidə olunur. Sadəcə, bölgələrdə tələb olunan məbləğlər nisbətən az ola bilər. Bir daha vurğulamaq istəyirəm ki, bu faktların hamısı açıq-aşkar cinayətdir”.

Vəkil bildirib ki, vətəndaşlar hətta bu pulu vermiş olsalar belə, mütləq şəkildə prokurorluq orqanlarına müraciət etməli, məruz qaldıqları cinayət əməli barədə onlara məlumat verməlidirlər:

“Qəbristanlıq mafiyası”nın şok əməli: dərhal prokurorluğa müraciət edilməlidir
Ramil Süleymanov

“Qəbir yerlərinin ayrılması və ümumilikdə qəbiristanlıqların idarə olunması məsələsinə gəldikdə isə, Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş müvafiq qaydalara nəzər salmaq kifayətdir. Həmin qaydalara əsasən, qəbiristanlıq sahələrinin ayrılması müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin müraciəti əsasında həyata keçirilir. Bu zaman vətəndaşlardan hər hansı ödənişin tələb olunması qanunvericilikdə nəzərdə tutulmayıb. Yəni torpaq sahəsinin ayrılması ödənişsiz olmalıdır”.

Ramil Süleymanovun sözlərinə görə, qəbiristanlıqların idarə olunması ilə bağlı icra hakimiyyətlərinə tabe olan müvafiq qurumlar mövcuddur:

“Bu qurumlar qəbiristanlıqların abadlaşdırılması, inzibati xidmətlərin göstərilməsi, məzarların və abidələrin səliqə-sahmanla saxlanılması kimi işləri həyata keçirirlər. Xidmətlər isə yalnız müvafiq qaydada xidmət müqaviləsi bağlandıqdan sonra göstərilə bilər. Lakin torpaq sahəsinin ayrılması üçün pul tələb olunması qəti şəkildə yolverilməzdir. Bir daha qeyd edirəm ki, vətəndaşlardan qəbir yeri üçün hər hansı məbləğin alınması qanunla qadağandır. Bu cür hallarla qarşılaşan şəxslər birbaşa Baş Prokurorluğa və ya rayon və şəhər prokurorluqlarına müraciət etməklə məruz qaldıqları qanunsuzluq barədə məlumat verə bilərlər. Mövcud faktlar əsasında cinayət işinin başlanması da tam mümkündür”.

//Globalinfo.az

Seçilən
49
1
editor.az

2Mənbələr