ABŞ Ədliyyə Departamenti Venesuela Prezidenti Nikolas Maduroya, onun həyat yoldaşına və oğluna qarşı ittiham aktının mətnini açıqlayıb.
Xezerxeber.az-ın məlumatına görə, onlar narkoterrorçuluq və narkotik qaçaqmalçılığında ittiham olunurlar. Departament ittiham aktında bildirir ki, Maduro və müttəfiqləri Venesuela qurumlarını öz mənfəətləri üçün narkotik ticarəti ilə əlaqəli korrupsiya yuvasına çeviriblər.
Qeyd olunub ki, bu korrupsiya Venesuela rəsmilərinin və onların ailələrinin ciblərini doldurmaqla yanaşı, Venesuela torpağında cəzasız fəaliyyət göstərən və tonlarla kokain istehsalına, qorunmasına və ABŞ-yə daşınmasına kömək edən zorakı narkoterrorçulara da fayda verib.
Sənədə əsasən, “Venesuela liderləri” son 25 il ərzində ABŞ-yə kokain idxal etmək üçün səlahiyyətlərindən sui-istifadə ediblər. İttiham olunanlar arasında Nikolas Maduro ilə yanaşı birinci xanım Silia Flores, daxili işlər naziri Diosdado Kabeleo, sabiq ədliyyə naziri Ramon Rodrigez Çasin, deputat Nikolas Maduro Qyerra (Maduronun oğlu), cinayətkar qruplaşma “Tren de Aragua”nın lideri Ektor Gerrero Floresin adları var.