AZ

Uzun yaşamaq haqqının sahibi

ain.az bildirir, Bizimyol portalına istinadən.

Mən yaradıcı olaraq diqqət çəkməyə çox da çalışmıram. Çünki bilirəm ki, özümü paralasam da xeyri yoxdur; məni indi deyil, gələcəkdə oxuyan və tanıyan olacaq. O da olsa...

Öz dövrümüzdə bizi tanıyan yoxdur; özümüzü aldatmayaq. Çünki indi insanlar (hamısı olmasa da, hər halda çoxu) heç özünü tanımır, o da qalsın başqasını. Yəqin həyatda rast gəlmisiniz; özünü tapa bilməyən, nə istədiyini belə hələ də bilməyən xeyli yaşca yetkin adam var ətrafımızda. Özgəni sürəkli yanlış anlamağını birtəhər anlayarsan bəlkə. Ancaq adamlar özünü belə yanlış anlayırsa, yanlış tanıyırsa, bu, artıq Qiyamətin əlamətidir.

Özünü də, özgəni də doğru anlayan və doğru anladan insanlar bu üzdən ikiqat qiymətlidir. Fəlsəfi fikrin mükəmməl adamı, bədii Sözün aşiqi Faiq Xudanlı belə insanlardan biridir. Alim desən, alimdir, müəllim desən, müəllimdir, yazıçı desən, publisist desən, həssas ürəyi, usta qələmi var. Qalan işlərini sadalamıram, rəhbəri olduğu kollektiv, təmasda olduğu həmkarları daha yaxşı qiymət verər. Mən də gördüyümü görmüşəm. Az da olsa, kənardan da olsa. Amma bu da Faiq Xudanlının iş stili haqda nəsə deməyə əsas verir. İş yerində onu həm rəhbər kimi, həm də səmimi dost kimi sevən iş yoldaşlarını tanımaq imkanım olub. Bu, hər insana qismət olmur.

Bilirsiniz, süni intellekt çağdaş dünyamızın böyük icadıdır; bu, tarixin gedişatını dəyişir və proqressiv bir gəlişmədir. Ancaq o da var ki, bəşəriyyətin başı süni zəka daşına hələ dəyməyib. Nə vaxt dəysə, onda ayılıb oxumağa kitab axtaracaq, emosional intellekt məhsulu axtaracaq. İndi ayılıb orqanik məhsullar axtardığı kimi. Bir də, deyəsən, bir vaxt haçansa elə orqanik insanları da gündüzün günorta çağı əldə çıraqla axtaracağıq. Odur ki, indidən kim istəyir, Faiq Xudanlının ünvanını, ya da telefon nömrəsini tapıb bir yerə yazıb saxlasın; "süni" erada sizə təbii insan lazım olsa, dağa-daşa düşməyəsiniz. Çünki Faiq qardaşım hələ cavandır; 45 yaşı bu gün tamam oldu. Bir az əvvəl zəng etmişdim, özünə də dedim ki, bir də 45 ildən sonra zəng edəcəm, görüm, 90 yaşına çatıbsa, deməli, 100-ü rahatca keçər. Hər halda söz verdi mənə.

Bir daha təbrik edirəm, əziz qardaş!

Həqiqətən, 45 hələ nədir ki?! İncimə, vallah, mən 61 yaşın içində yox, 45 yaşda olsam, özümü belə birtəhər hiss edərəm e...

Hələ çox yaşamaq, yaşamaq lazımdır, bilirsən.

Adamlar haqlı olmağı seçir, insanlar xoşbəxt olmağı seçir. Sənin kimi mükəmməl insanlar isə, HAQLI OLARAQ XOŞBƏXT OLMAĞI seçir.

Xoşbəxt olmaq üçün çox yaşamaq, həm də çox yaşamaq üçün xoşbəxt oımaq lazımdır. HAQLI OLARAQ!

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
55
bizimyol.info

1Mənbələr