AZ

Venesueladakı hadisələr neftin qiymətinə necə təsir edəcək? İqtisadçı açıqladı

Azpolitika.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İqtisadçı Eldəniz Əmirov Venesuela neftinin bazara mümkün qayıdışının qlobal qiymətlərə təsirini şərh edib.

E.Əmirov bildirib ki, Venesuela təsbit olunmuş neft ehtiyatlarının həcminə görə dünyada birinci yerdə qərarlaşsa da, bu resursların qısa müddətdə bazara kütləvi şəkildə çıxması real görünmür. Onun sözlərinə görə, ölkədə neft hasilatı və ixracı üçün zəruri olan infrastruktur uzun illərdir baxımsız qaldığı üçün ciddi texniki məhdudiyyətlər mövcuddur.

İqtisadçı qeyd edib ki, köhnəlmiş quyular, kompressor və nasos çatışmazlığı, enerji təminatındakı problemlər mövcud hasilat gücünü potensialdan xeyli aşağı salır. Bundan əlavə, çıxarılan neftin boru kəmərləri ilə terminallara daşınmasında fasilələr və itkilər gündəlik hasilatın sürətlə artırılmasına imkan vermir.

E.Əmirovun sözlərinə görə, Venesuelanın neft emalı kompleksləri də uzun müddətdir ki, minimal güclə işləyir və bəzi dövrlərdə faktiki fəaliyyət səviyyəsi cəmi 10 faiz ətrafında olub. O vurğulayıb ki, ölkənin əsas ehtiyatları Orinoko hövzəsində yerləşir və burada hasil olunan neft çox ağır, yüksək özlülüklü xammaldır ki, bu da hasilat və emal xərclərini artırır.

İqtisadçı bildirib ki, beynəlxalq bazara çıxarılan "Merey 16" kimi qarışıqlar "Brent" nefti ilə müqayisədə adətən 12–15 dollar, sanksiya riskləri artdıqda isə 20 dollara qədər ucuz satılır. Onun sözlərinə görə, Orinoko neftinin ixracı üçün zəruri olan infrastrukturun çatışmazlığı hasilatın artımını birbaşa məhdudlaşdırır.

Eldəniz Əmirov qeyd edib ki, hazırda Venesuelanın gündəlik neft hasilatı təxminən 0,9 milyon barel səviyyəsindədir və mövcud problemlər mərhələli şəkildə aradan qaldırılsa belə, 2026-cı il bu ölkə üçün real “satıcı ili” sayıla bilməz. Onun fikrincə, 2026-cı ildə Venesuela neftinin qiymətlərə təsiri əsasən real həcmlərlə deyil, bazar gözləntiləri ilə ölçüləcək.

Əmirov əlavə edib ki, əgər proseslər 2026-cı ilin sonuna doğru stabilləşərsə, real bazar təsiri 2027-ci ildən hiss oluna bilər. Bu halda hasilatın 1,3–1,5 milyon barel/gün səviyyəsinə yaxınlaşması mümkündür ki, bu da neft qiymətlərinin yuxarı həddinə 5–7 dollar aralığında aşağı yönlü təzyiq göstərə bilər.

İqtisadçının fikrincə, daha uzun perspektivdə Venesuelanın hasilatı 3 milyon barel/gün səviyyəsinə çatdırması qlobal bazar üçün ciddi şok effekti yarada bilər. Əgər oxşar ssenari İranla paralel baş versə və bazara birlikdə 5–6 milyon barel əlavə təklif daxil olsa, bu halda Brent üçün 50 dollar səviyyəsi yeni norma kimi formalaşa bilər.

Rasim

"AzPolotika.info"

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
20
azpolitika.info

10Mənbələr