Musavat.com xəbər verir ki, məlumat Böyük Britaniya Müdafiə Nazirliyinin açıqlamasında yer alıb: "Kəşfiyyat məlumatlarının hərtərəfli təhlili nəticəsində qədim Palmira şəhərindən bir neçə mil şimalda dağlarda yeraltı bir obyekt aşkar edilib. Bu obyekt, çox güman ki, silah və partlayıcı maddələr saxlamaq üçün İŞİD tərəfindən əldə edilib. Obyektin ətrafındakı ərazidə mülki əhali yaşamır. Şənbə günü, 3 yanvar axşamı, RAF Typhoon FGR4 qırıcı təyyarələri Voyager tankerinin dəstəyi ilə yeraltı obyektə birgə hücumda Fransa təyyarələrinə qoşulub".
Bəyanatda qeyd olunur ki, təyyarə "obyektə aparan bir sıra tunelləri hədəf almaq üçün Paveway IV idarə olunan bombalarından istifadə edib": "Hazırda zərbələrin effektivliyinin ətraflı qiymətləndirilməsi aparılır və ilkin məlumatlar hədəfin uğurla məhv edildiyini göstərir".
Böyük Britaniya Müdafiə Nazirliyi zərbənin "mülki şəxslər üçün heç bir risk yaratmadığını" bildirib. Nazirlik əlavə edib ki, "bütün təyyarələrimiz təhlükəsiz şəkildə geri qayıdıb". Bəyanatda vurğulanır ki, RAF "2019-cu ilin mart ayında Əl-Bağuz Fəvqanidə hərbi məğlubiyyətdən sonra İŞİD terrorçu hərəkatının yenidən canlanmasına yönəlmiş hər hansı bir cəhdin qarşısını almaq üçün Suriya üzərində patrul xidməti aparmağa davam edir"