Bolqarıstan milli komandasının keçmiş oyunçusu və məşqçisi Dimitar Penev 80 yaşında vəfat edib.
Fanat.Az xəbər verir ki, bu barədə Bolqarıstan Futbol İttifaqı məlumat yayıb.
Bəyanatda deyilir: "Bolqarıstan futbolunun əfsanəsi Dimitar Penev bu gün, 80 yaşında vəfat etdi. O, Bolqarıstanın futbol tarixində ən böyük uğura - 1994-cü ildə ABŞ-də keçirilən Dünya Çempionatında dördüncü yerə daşıyan strateq idi".
Penev karyerasına 1959-1964-cü illər arasında Sofiya "Lokomotiv"ində başlayıb və orada 35 oyun keçirib, 1 qol vurub. Daha sonra ölkə nəhəngi ÇSKA-ya keçib. O, paytaxt klubunda 329 oyun keçirib və 24 qol vurub. Penev 8 dəfə - bir dəfə "Lokomotiv"lə, yeddi dəfə isə ÇSKA ilə - Bolqarıstan çempionluğunu qazanıb, 2 dəfə Bolqarıstanın ən yaxşı futbolçusu seçilib. O, milli komandada 90 oyun keçirib və 2 qol vurub. Penev 1966, 1970 və 1974-cü illərdə dünya çempionatlarında oynayıb.
Penev 20-ci əsrin ən yaxşı bolqar məşqçisi kimi tanınıb.