Ukraynada Kiril Budanovun Prezident Ofisinin rəhbəri vəzifəsinə təyin olunması hakimiyyət daxilində mümkün “Varis” əməliyyatının başlanmasına işarə edə bilər.
Bu barədə “The Washington Post” ukraynalı yüksək vəzifəli sabiq məmura istinadən yazıb.
Mənbənin fikrincə, prezident Volodimir Zelenski Prezident Ofisinin rəhbəri postu üçün daha çox vitse-prezident funksiyasına bənzər rola uyğun “Ermak tipli daha bir güclü fiqur” tapıb. Lakin sabiq məmurun sözlərinə görə, Kiril Budanovun əsas fərqi ondan ibarətdir ki, onun “potensial varisə çevrilmək şansı var”.
Keçmiş rəsmi şəxs bildirib ki, Zelenski ikinci müddətə namizəd olmamaq qərarı vermiş, riskləri hesablayaraq bu qərarla yaşamağı seçmiş ola bilər. Onun fikrincə, Zelenski Budanovu şəxsi təminatlarla müşayiət olunan “varis layihəsi”nin ilk addımı kimi də nəzərdən keçirə bilər.
Eyni zamanda mənbə istisna etmir ki, bu təyinat həm də “ən perspektivli rəqibi siyasi cəhətdən yandırmaq” cəhdi ola bilər. Hazırda rəsmi Kiyevdən məsələ ilə bağlı şərh verilməyib.
Musavat.com