Gürcüstanda Rioni çayı üzərində inşa edilən körpünün uçması ilə bağlı cinayət işi üzrə "Akkord STİK ASC"-nin (Sənaye Tikinti İnvestisiya Korporasiyası) direktoru Vüqar Süleymanova qarşı ittiham irəli sürülüb.
Pravda.az xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məluat yayıb.
İttiham olunanlar arasında “Akkord” şirkətinin direktoru ilə yanaşı layihə menecerləri, həmçinin beynəlxalq konsorsiumun qrup rəhbəri – baş mühəndisinə qiyabi qaydada cəza nəzərdə tutulur. Sözügedən şəxslərə qarşı külli miqdarda vəsaitin dələduzluq yolu ilə ələ keçirilməsi, saxta sənədlərin hazırlanması
ittihamları irəli sürüldüyü, bu maddələr üzrə 9 ilədək həbs cəzası nəzərdə tutulduğu bildirilir. İstintaqın məlumatına görə, körpü layihəsi zamanı gündəlik nəzarət Gürcüstanın Avtomobil Yolları Departamentinin üzərinə düşsə də, faktiki olaraq bu nəzarət həyata keçirilməyib. Layihənin icrası dövründə nəzarətçi beynəlxalq şirkətin heç bir səlahiyyətli eksperti Gürcüstanda olmayıb, buna baxmayaraq, tikinti işlərinə dair saxta icra aktları təsdiqlənib.
Tikinti yerində heç vaxt olmayan beynəlxalq ekspert, tikinti şirkətinin nümayəndələri tərəfindən tərtib edilmiş saxta sənədləri imzalayıb. Həmin sənədlər Avtomobil Yolları Departamentinin o zamankı sədr müavini Levan Kupataşvilinin imzası ilə də təsdiqlənib. Bu aktlar əsasında, guya göstərilmiş xidmətlərə görə, 1 milyon 172 min 539 lari məbləğində vəsait köçürülüb. Prokurorluğun məlumatına əsasən, layihəni icra edən şirkət yerinə yetirilməmiş və keyfiyyətsiz işlərə görə dələduzluq yolu ilə 3 milyon 859 min 678 lari vəsaiti mənimsəyib, nəticədə isə körpü uçub. Sonradan aparılan bərpa işlərinə əlavə olaraq 12 milyon laridən artıq vəsait xərclənib. Ümumilikdə dövlət büdcəsinə dəyən zərər 16 milyon larini ötüb.
Məsələ ilə bağlı Pravda.az "Akkord STİK ASC"-yə sorğu ünvanlasa da, hələ ki heç bir mövqe bildirilməyib.
Aytəkin Qardaşova