AZ

Ərdoğan: "F-35" proqramına qayıtmağımız NATO-nun xeyrinədir"

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-nin "Bloomberg" xəbər agentliyinə yazılıaçıqlamasındavurğulayıb. Bildirib ki, həmkarı Donald Trampın ötən ildən etibarən Ağ Evə qayıtması fonunda Ankara-Vaşinqton əlaqələri müsbət istiqamətə yönəlib:

"Türkiyənin artıq satın aldığı "F-35" hərbi təyyarələrini təhvil alması və müvafiq proqrama yenidən qoşulması təkcə ABŞ ilə strateji tərəfdaşlığımızın yox, eyni zamanda, NATO alyansının təhlükəsizliyi üçün də çox əhəmiyyətlidir".

Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, o bu məsələni 2025-ci ilin sentyabrında Donald Trampla Ağ Evdə baş tutan görüşündə də dilə gətirib:

"Türkiyə həm Rusiya Prezidenti Vladimir Putin, həm də Ukrayna Prezidenti Volodimir Zelenski ilə birbaşa danışıqlar apara bilən, NATO və Birləşmiş Millətlər Təşkilatı çərçivəsində konkret addımlar ataraq güclü, balanslı diplomatik əlaqələr qura bilən yeganə tərəfdir".
Ərdoğan və Tramp bu gün danışacaqlar

Xatırladaq ki, bu gün Rəcəb Tayyib Ərdoğan və Donald Tramp arasında telefon danışığı baş tutacaq. Onların gündəmində "F-35" və "F-16" hərbi təyyarələrinin Türkiyəyə satışı əsas yer tutur. Prezidentlər, eyni zamanda, CAATSA qanunu çərçivəsində sanksiyaların ləğvi, "Halkbank işi", habelə Suriyada və Qəzza zolağında cari vəziyyətlə əlaqədar məsələləri nəzərdən keçirəcəklər.

2019-cu ildə Türkiyənin Rusiyadan "S-400" zenit-raket kompleksləri alması ABŞ-nin etirazı ilə nəticələnib. Belə ki, Vaşinqton Ankaranı "S-400"lər əvəzinə məhz özündən "Patriot" sistemləri almağa çağırmışdı. Hərçənd Ankaranın imtinası fonunda Vaşinqton onu "F-35" proqramından çıxarmış, Türkiyənin müdafiə sənayesinə qarşı sanksiyalar irəli sürmüşdü.

Firudin Həmidli
AzVision.az
Seçilən
63
azvision.az

1Mənbələr