AZ

Petro Trampın təhdidlərini və narkotik ittihamlarını rədd edib

Kolumbiya prezidenti ABŞ liderini böhtan atmaqda ittiham edib...

Poliqon xəbər verir ki, The Guardian nəşrinin yazdığına görə, Kolumbiya Prezidenti Qustavo Petro ABŞ Prezidenti Donald Trampın ünvanına səsləndirdiyi təhdidləri və onu guya narkotik ticarəti ilə məşğul olmaqda ittiham etməsini qətiyyətlə rədd edib.

Xatırladaq ki, Tramp bazar günü Kolumbiyaya qarşı da Venesuelaya qarşı keçirilən son reydə bənzər hərbi əməliyyatların mümkünlüyünü istisna etməyib. ABŞ prezidenti bildirib ki, Kolumbiyanı “kokain istehsal etməyi və onu ABŞ-yə satmağı sevən xəstə bir şəxs idarə edir” və əlavə edib ki, bu fəaliyyət “uzun müddət davam etməyəcək”.

Qustavo Petro isə bu açıqlamalara sərt reaksiya verərək ittihamları tamamilə əsassız adlandırıb. O vurğulayıb ki, onun adı heç bir məhkəmə sənədində narkotik ticarəti ilə bağlı hallarda keçmir. Petro bazar günü X sosial şəbəkəsində paylaşım edərək yazıb: “Mənə böhtan atmağı dayandırın, cənab Tramp”.

Kolumbiya prezidenti əlavə edib ki, bu cür ritorika Latın Amerikası ölkəsinin seçilmiş prezidentinə qarşı yolverilməzdir. Onun sözlərinə görə, “silahlı mübarizədən çıxmış, daha sonra Kolumbiya xalqının sülh uğrunda mübarizəsindən keçmiş bir Latın Amerikası ölkəsinin prezidentinə bu cür hədələr səsləndirilməməlidir”.

Petro həmçinin Tramp administrasiyasının regionda apardığı siyasəti kəskin tənqid edib və Vaşinqtonu Venesuela Prezidenti Nikolas Maduronun “heç bir hüquqi əsas olmadan” saxlanılmasında günahlandırıb. Daha sonra X platformasında etdiyi başqa paylaşımda isə Kolumbiya prezidenti qısa, lakin diqqətçəkən mesaj verib: “Dostlar bombardman etmir”.

Analitiklər hesab edirlər ki, Tramp və Petro arasında qarşılıqlı ittihamlar ABŞ-nin Latın Amerikası siyasətində gərginliyin artdığını göstərir və bu ritorika region ölkələri ilə Vaşinqton arasındakı münasibətlərə mənfi təsir göstərə bilər.

Poliqon.info

Seçilən
42
poliqon.info

1Mənbələr