AZ

Bağışlama olmayacaq : Müxalifət Paşinyanın və 10 yepiskopun imzaladığı bəyanata reaksiya verib

ain.az, Bizimyol saytına istinadən bildirir.

Ermənistanın parlamentdə və parlamentdən kənar müxalifət qüvvələri, baş nazir Nikol Paşinyan və on nəfər yepiskop tərəfindən imzalanan sənədə sərt reaksiya veriblər.

Bizimyol.info xəbər verir ki, 8 dekabrda, Ermənistanın baş naziri Nikol Paşinyan özünün "Erməni Apostol Kilsəsinin yenilənməsi" ilə bağlı planını təqdim edib və onu "yol xəritəsi" adlandırıb.

Sənədin üzərində isə 4 yanvarda Paşinyan və 10 yepiskop imza atıblar. Sənədin adı "AAK-nın təkmilləşdirilməsi üzrə yol xəritəsi"dir.

Baş nazirin mövqeyinə görə, təqdim edilən planın həyata keçirilməsinə yalnız bütün Ermənistan Katolikosu Qaregin II-nin istefasından sonra başlanacaq. Paşinyan hakimiyyəti ardıcıl olaraq Qaregin II-nin istefasını tələb edir. Bununla yanaşı, hökumət "yeni kilsə qanunvericiliyi"nin hazırlanmasında iştirak etməyə hazır olduğunu bəyan edib.

Paşinyanın hərəkətləri ilə bağlı "Bizimlə birgə" müxalifət hərəkatının liderlərindən biri olan Narek Karapetyan bildirib ki, baş nazirin təşəbbüsü erməni milli ənənələrini zəiflətmək və kilsə ilə qarşıdurma yaratmaq məqsədi daşıyır. "Ən maraqlısı budur ki, bunu Samvel Karapetyanın hədiyyə etdiyi evdən etməyə qərar verib, halbuki o, bütün mənəvi normalara zidd olaraq həmin evdə yaşayır", – deyə Narek Karapetyan vurğulayıb.

"Erməni Milli Konqresi" partiyasının vitse-prezidenti Levon Zurabyan isə bildirib ki, Paşinyanı erməni dövlətçiliyini və kimliyini ardıcıl şəkildə məhv edənlərdən biri kimi xatırlayacaqlar. Zurabyanın fikrincə, baş nazirin bu addımı Erməni Apostol Kilsəsini parçalamağa və inanan xalqın mənəvi həyatını zəiflətməyə yönəlib, bunu isə "xarici güclərin təlqin etdiyi bir proqram" kimi qiymətləndirib.

Parlamentin müxalifət fraksiyasının "Şərəfim var" təmsilçisi Tigran Abramyan isə bildirib ki, hökumət yalnız Ertəşil Etçmiadzinə qarşı addımlar atmır, həm də kilsənin parçalanmış yepiskoplarını cəmiyyətin gözü qarşısına gətirir.

"Ermənistan" fraksiyasının deputatı Elinar Vardanyan bildirib ki, bu sənədi imzalayan kilsə rəhbərləri, sözün əsl mənasında, xainlik tarixini yazıblar. O, qeyd edib ki, imzaladıqdan sonra həmin 10 yepiskop Ermənistan xalqının yaşadığı itkilərə görə məsuliyyət daşıyır və bu addımlarına görə onlara bağışlama olmayacaq.

"Vətənin" partiyasının sədri Artur Vanetsyan isə Paşinyanın bu hərəkətlərini konstitusiya quruluşunu pozmağa cəhd olaraq qiymətləndirib və hüquq-mühafizə orqanlarını buna reaksiya verməyə çağırıb.

Əvvəlki günlərdə Nikol Paşinyan sosial şəbəkələrdə yayımladığı videomüraciətində bildirib ki, 6 yanvar – erməni kilsəsinin Milad bayramı günü o, müqəddəs Qriqori Xristianın kilsəsindən başlayaraq Surb Astvatsatsin kilsəsinə qədər yürüş edəcək. Yürüş saat 13:30-da başlanacaq və mərasimdən sonra qısa iclasla yekunlaşacaq.

Paşinyan qeyd edib ki, bu yürüş kilsə islahatlarını dəstəkləmək və ölkənin müstəqilliyinə qarşı həyata keçirilən "hibrid müharibə"ni dayandırmaq məqsədini güdür. Yürüşə, həmçinin kilsənin yenilənməsini dəstəkləyən ruhani şəxslər qatılacaq.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
25
bizimyol.info

1Mənbələr