“65 yaşlı bir çox həkim işdən azad edildi: “Yəni bu səbəbdən təcrübəli mütəxəssislər demək olar ki, işsiz qaldı. Bu, çox ciddi səhv idi.Azərbaycanda 2026-cı ildən etibarən həm qadınlar, həm də kişilər üçün pensiya yaşının 65 olması cəmiyyətdə müxtəlif müzakirələrə səbəb olub. Belə ki, iyulun 1-dən qadınların pensiya yaşı 65 olacaq. Kişilərin pensiya yaşı isə dəyişməyəcək, 65 yaşda qalacaq.
Qeyd edək ki, "Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
Bu yaşda həm qadın, həm də kişilərin əmək funksiyalarını tam yerinə yetirib-yetirməməsi, orqanizmin nə dərəcə davamlı olması isə suallar yaradır.
Qadın və kişi orqanizmi 65 yaşına qədər eyni dərəcədə işləməyə davamlıdırmı?
Mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, ümumiyyətlə, pensiya yaşı müxtəlif ölkələrdə fərqlidir:

“Son illərdə pensiya yaşının artırılması tendensiyası bütün dünyada müşahidə olunur. Məsələn, Yaponiya və ABŞ-də tam pensiya yaşı 67-dir, lakin bəzi şəxslər erkən, yəni 62 yaşda pensiyaya çıxa bilirlər.
Danimarkada isə hazırda pensiya yaşı 67 olub, 2030-cu ildə 68, 2035-ci ildə 69, 2040-cı ildə isə 70-ə çatdırılması planlaşdırılır. İtaliyada yüksək staja malik şəxslər 2025-ci ildən etibarən 62 yaşında pensiyaya çıxa bilirlər, tam pensiya yaşı isə 67-dir. Almaniyada bu tendensiya davam edir və 2031-ci ildə pensiya yaşı 67 olacaq. Avstriyada isə 2033-cü il üçün pensiya yaşı 65 olaraq proqnozlaşdırılır.
Yəni pensiya yaşının artırılması müxtəlif ölkələrdə müşahidə olunan qlobal bir tendensiyadır. Qadın və kişi orqanizmi 65 yaşa qədər işləməyə ümumilikdə uyğun ola bilər, amma bu, fərdi sağlamlıq vəziyyətindən və işin tələblərindən asılıdır”.
Onun sözlərinə görə, dəyişikliklər müşahidə olunur, çünki Sovet dövründə bəzi ölkələrdə qadınlar 55 yaşdan pensiyaya çıxırdılar:
“Bu məsələlər hər ölkədə fərdi qaydada həll olunmalı və qərarlar qəbul edilərkən insanların rifahı əsas götürülməlidir. Belə bir yanaşma mümkündür ki, həkimlər, hüquq-mühafizə orqanlarının əməkdaşları, elm adamları və digər peşə sahibləri bu yaşda da produktiv ola bilirlər.
Yəni bu sahədə çalışan şəxslərdə təcrübə, bilik və peşə bacarıqları bu yaşda da yüksək səviyyədə saxlanıla bilər. Onların pensiyaya çıxması indiki əmək şəraiti ilə işdən ayrılması kimi qiymətləndirilməməlidir”.
Professor qeyd edib ki, pensiya yaşının 65-ə qaldırılmasından sonra bir çox həkim işdən azad edildi:
“Yəni bu səbəbdən təcrübəli mütəxəssislər demək olar ki, işsiz qaldı. Bu, çox ciddi səhv idi. Mən düşünürəm ki, pensiya yaşının müəyyənləşdirilməsi məsələsi birdəfəlik həll olunana qədər və həll olunduqdan sonra belə, insanların əmək qabiliyyəti nəzərə alınaraq onların işinə davam etməsi məsələləri açıq və şəffaf şəkildə həll edilməlidir. Pensiya yaşı ölkə daxilində həll olunmalı və qərarlar qəbul edilərkən insanların rifahı əsas götürülməlidir”.