Maduronun devrilməsi neftin qiymətini çökdürə bilər.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası və aparıcı analitiklər məlumat yayıb. ABŞ şirkətlərinin Venesuela neftinə nəzarəti Rusiya büdcəsini kəsirə salacaq, ekspertlər xəbərdarlıq edib.
Məlumata görə, Rusiya analitikləri ABŞ Prezidenti Donald Trampın Venesuela ilə bağlı planlarının Rusiya iqtisadiyyatı üçün ağır nəticələrə səbəb ola biləcəyindən ehtiyat edirlər.
Məsələ burasındadır ki, Venesuela dünyanın ən böyük neft ehtiyatlarına malikdir, lakin dövlət şirkəti olan PDVSA-nın səriştəsizliyi və sanksiyalar səbəbindən ixrac zəifdir.
İndi isə Trampın ABŞ-nin nəhəng neft şirkətlərini ölkəyə göndərmək niyyəti bu nəhəng potensialı hərəkətə gətirə bilər.
Rusiya üçün bu, həyati əhəmiyyət kəsb edir. Çünki pensiyalar, dövlət aparatı və müharibə xərcləri birbaşa neft qiymətlərindən asılıdır.
Rusiya Maliyyə Nazirliyi 2026-cı il büdcəsini “Urals” neftinin bir barelinin 59 dollar olması proqnozu ilə hesablasa da, hazırda qiymət 50-52 dollar civarındadır. Qiymətin daha da düşməsi büdcədə dərin kəsir yarada bilər.
Milli Enerji Təhlükəsizliyi Fondunun analitiki İqor Yuşkov hələ ABŞ əməliyyatından əvvəl bildirmişdi ki, Maduronun hakimiyyətdə qalması Rusiya üçün iqtisadi və siyasi baxımdan vacibdir.
O, Maduronun devrilməsinin Rusiya üçün də bir ssenari ola biləcəyindən narahatdır: “Bu, amerikalılar və avropalılar üçün bir siqnaldır ki, Rusiya ilə də eyni ssenari alına bilər”.
İqtisadçı Sergey Suverov isə ABŞ-ın uğurlu əməliyyatından sonra yaxın 2-3 il ərzində neftin qiymətinin aşağı düşəcəyini və amerikalıların dünya bazarında tədarükü artıracağını proqnozlaşdırır.
Rusiyalı oliqarx Oleq Deripaska da vəziyyəti şərh edib: “Görünür, onların planı neftimizin qiymətinin 50 dollardan yuxarı qalxmamasına nəzarət etməkdir”.
Onun fikrincə, bu, Kremli xərcləri azaltmağa, dövlət əmlakını satmağa və ya özəl sektoru daha çox vergiyə cəlb etməyə məcbur edəcək.
Xuraman Etibarlı
İnterpress.az