AZ

Sorğu: Fransa vətəndaşlarının 60 faizdən çoxu ölkədəki vəziyyətdən narahatdır

Bakı, 5 yanvar, AZƏRTAC

Fransa əhalisinin 60 faizdən çoxu ölkədəki mövcud vəziyyətdən narahatdır.

AZƏRTAC xəbər verir ki, BFMTV telekanalı bu barədə “Elabe” sosiologiya şirkətinin apardığı tədqiqata istinadla məlumat yayıb. Məlumata görə, 2025-ci il Fransada son onilliklər ərzində misli görünməmiş siyasi böhranla yadda qalıb. Ötən il, həmçinin ölkədə narkotik vasitələrin alveri ilə bağlı cinayətlərdə artım qeydə alınıb.

Sorğu zamanı əhvali-ruhiyyələrini təsvir edən fransalıların 60 faizdən çoxu siyasi baxışlarından asılı olmayaraq, mövcud vəziyyətdən narahatlıqlarını ifadə ediblər.

Respondentlərin əksəriyyətinin fikrincə, hakimiyyət orqanları, ilk növbədə, əhalinin alıcılıq qabiliyyətini artırmalı (44 faiz), təhlükəsizlik məsələlərini və narkotik vasitələrin alveri ilə mübarizəni gücləndirməli (39 faiz), dövlət borcunun azaldılmasına nail olmalı (38 faiz), həmçinin səhiyyə sistemini yaxşılaşdırmalıdır (36 faiz). Bundan əlavə, vətəndaşların 35 faizi siyasi qeyri-sabitlikdən, 33 faizi isə miqrasiyanın artmasından şikayətlənib.

Həmçinin Fransa əhalisinin 46 faizi 2026-cı ilin geridə qalan ildən daha pis olacağını düşünür. Sorğuda iştirak edənlərin yarıdan çoxu - 52 faizi 2027-ci il prezident seçkilərinədək ölkənin dəyişikliklərə ehtiyacı olduğunu düşünür.

Qeyd edək ki, yanvarın 2–si və 3-də onlayn formatda keçirilən sorğuda həddi buluğa çatmış min nəfər Fransa vətəndaşı iştirak edib.

 

Seçilən
78
1
azertag.az

2Mənbələr