“Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin dindirilməsi ilə bağlı yenə rəsmi məlumat yoxdur. Nə istintaq orqanları, nə rəsmi qurumlar bununla bağlı bəyənat veriblər”.
Pravda.az xəbər verir ki, bu sözləri Ağ Partiyanın sədri Tural Abbaslı “Səs tv”nin efirində deyib.
O, aidiyyatı qurumlardan bu məsələlərin artıq rəsmiləşdirilməsini xahiş edib: “Bilək ki, bu adam həqiqətən cinayətə cəlb olunub, istintaq aparılır, ya yox. Mən həmin şəxsin evdə dindirilməyinin əleyhinəyəm. Xəstədirsə, xəstəxanalar var, Penitensiar xidmətin özünün tibbi müəssisəsi var, hansı ki xəstə məhbuslar orda saxlanılır. Heç kimdən də artıqlığı yoxdur, əksikliyi var. Vətənə, dövlətə xəyanət maddəsi var. Nə üçün müstəntiq onun ayağına getməlidir, dövlətin benzinini, vaxtını xərcləməlidir? Bu, Mehdiyev ətrafında gedən işdir, ya Əli Kərimli? İndi gedişatdan elə rəy yaranır ki, elə bil, bu söhbətlər Əli Kərimli, Məmməd İbrahim, Abbas Abbasov ətrafında gedib. Əksinə saxlanılanlar Mehdiyev barəsində suala cavab verməlidirlər. Söhbət Mehdiyev ətrafında gedirsə, kadrları niyə həbs olunmur? Bu məsələ Mehdiyevin ətrafında cəmləşməlidir. Səhv etmirəmsə, bu işlə bağlı cəmi iki şəxs həbs olunub. Məmməd İbrahim və Əli Kərimli. Mehdiyevin ətrafında olan, zamanında vəzifələrdə olan, tapşırıq verdiyi, xəbər göndərdiyi, hansısa prosesdə iştirak edən insanlar hanı? Deyilənə görə, köməkçisi həbs olunub. Bununla bağlı da rəsmi məlumat yoxdur. İndiyə kimi köməkçinin ifadələri ilə bir neçə adamı həbs etmək olardı. Həbslərin böyük əksəriyyəti də, sadəcə, müxalifətdən olmalı deyil, iqtidardan, keçmiş məmurlardan, nazir və deputatlardan da olmalıdır. Ramiz Mehdiyev olayı haqqında ortada real nələrsə olmayacaqsa, rəsmi dövlət strukturlarından hansısa mövqe sərgilənməyəcəksə, artıq bununla bağlı nə mən, nə də digər partiya rəhbərləri mövzu ilə bağlı danışacaq. Çünki qeyri-ciddi görünür”.
Qeyd: Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Baş İdarəsində aparılan cinayət işi üzrə növbəti dəfə təqsirləndirilən şəxs qismində ifadə verib. Müstəntiqlər bu dəfə Ramiz Mehdiyevi yaşadığı evində dindirib. Buna səbəb isə onun səhhətindəki problemlər olub. Bu barədə məlumatı "gününsəsi" saytı yayıb. Bildirilib ki, Ramiz Mehdiyev bu dəfə AXCP sədri Əli Kərimli və baş nazirin sabiq birinci müavini Abbas Abbasovla bağlı suallara cavab verib.
Şəhanə Quliyeva