AZ

Ekspert: Zəngəzur dəhlizi Türk dünyasının şah damarıdır

Bakı, 5 yanvar, AZƏRTAC

Zəngəzur dəhlizi sadəcə nəqliyyat yolu deyil, Türk dünyasının şah damarlarından biridir. Bakıdan Qarsa qədər uzanan bu yol təkcə qatarların və yük maşınlarının deyil, həm də tarixin, taleyin və qardaşlığın keçəcəyi bir yoldur. Bu gün Azərbaycanı Naxçıvanla, Naxçıvanı Türkiyə ilə və Türkiyəni Orta Asiya ilə birləşdirən bu dəhliz Türk dünyasının yenidən birləşmək iradəsidir.

Bunu AZƏRTAC-a açıqlamasında türkiyəli strategiya üzrə ekspert Gökalp Şentürk bildirib.

Onun sözlərinə görə, Zəngəzur dəhlizi istifadəyə verildikdə Ankara ilə Bakı arasındakı əlaqə faktiki olaraq kəsilməz olacaq.

“Müasir dövrdə ilk dəfə olaraq Türk dünyası vahid iqtisadi və strateji xəttə çevriləcək. Buna görə də Zəngəzur sadəcə bir yol deyil, geosiyasi inqilabdır. Türkiyə artıq yalnız Avropa ilə Asiya arasında yerləşməyəcək, əksinə Türk dünyasının mərkəzində olacaq. Bu dəhliz sayəsində Türkiyə malları Çinə və Orta Asiyaya, Orta Asiyanın enerji və xammal ehtiyatları Türkiyə vasitəsilə Aralıq dənizinə və Avropaya çatacaq. Başqa sözlə, Türkiyə qlobal ticarətin əsas qapısına çevriləcək. Azərbaycanda türk dünyasının logistika mərkəzi olacaq”, - deyə Gökalp Şentürk vurğulayıb.

Gökalp Şentürk qeyd edib ki, bu dəhliz sadəcə iqtisadi qazanc deyil, türk millətinin dünyada çəkisinin artmasıdır: “Bu dəhliz birbaşa Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Anadolunu birləşdirəcək. Bu o deməkdir ki, Türk dünyası artıq sadəcə mədəni deyil, logistik, iqtisadi və strateji baxımdan vahid bir quruma çevriləcək”.

Seçilən
61
1
azertag.az

2Mənbələr