ain.az, Avtosfer saytına istinadən bildirir.
Türkiyənin Tekirdağ vilayətinin Çorlu rayonunda baş verən yol-nəqliyyat hadisəsi ictimai rezonans doğurub.
Avtosfer.az xəbər verir ki, avtomobillə toqquşan motosikletin sürücüsü xəsarət alıb, avtomobilin sürücüsü və sərnişini isə yaralını yoxladıqdan sonra hadisə yerindən qaçıblar.
Məlumata görə, qəza ötən həftə çərşənbə axşamı gecə saatlarında Cemaliye məhəlləsində, Şəhid Arif Çekiççioğlu və Dr. Hakkı Görenli küçələrinin kəsişməsində baş verib. Umut Demirin idarə etdiyi motosiklet əks istiqamətdən gələn avtomobillə toqquşub. Zərbənin təsirindən motosiklet sürücüsü əvvəlcə avtomobilin üzərinə, daha sonra isə yerə yıxılaraq xəsarət alıb.
Hadisədən sonra avtomobilin sürücüsü və yanında olan sərnişin nəqliyyat vasitəsindən düşüb yerdə hərəkətsiz uzanan motosikletçini yoxlayıblar. Lakin ətrafda insanların toplaşmağa başladığını görən şəxslər yenidən avtomobilə minib hadisə yerindən uzaqlaşıblar.
Qəza anı yaxınlıqdakı bir obyektin təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Görüntülərdə toqquşma anı, daha sonra sürücü və sərnişinin yaralını yoxlayıb ərazini tərk etməsi aydın şəkildə əks olunub.
Məlumat daxil olduqdan sonra hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb edilib. Yaralı Umut Demirə ilkin tibbi yardım göstərildikdən sonra o, Çorlu Dövlət Xəstəxanasına aparılıb. Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti nəzarət altındadır.
Faktla bağlı araşdırma aparılır. Polis hadisə yerindən qaçan avtomobil sürücüsünün və sərnişinin şəxsiyyətini müəyyənləşdirmək və onları saxlanılmaq üçün əməliyyat tədbirlərini davam etdirir.
Eltac Zülfüqaroğlu
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.