Almaniyanın "Kayzerslautern" klubunda çıxış edən Azərbaycan millisinin hücumçusu Mahir Emreli zədəsini tam sağaltmaq üzrədir.
QOL.az xəbər verir ki, bunu klubun idman direktoru Marsel Klos mətbuat konfransında deyib.
O qeyd edib ki, yaxın 2-3 həftə ərzində Emreli meydana qayıda bilər: "Sabah (Bu gün. Açıqlama ötən gün verilib - red.) İvan və Mahir üzərində əlavə testlər aparacağıq. Hər iki oyunçunun növbəti iki-üç həftə ərzində meydana qayıda biləcəyi ümidverici görünür. Lakin, hələ də dəqiq nəticələri gözləməliyik".
Qeyd edək ki, Emreli ötən il noyabrın 10-da “Herta” ilə 2-ci Bundesliqa matçında zədə alaraq uzun müddətə sıradan çıxmışdı. O, artıq fərdi məşqlərə başlayıb.