“Qarabağ” heyətini gücləndirə bilər.
Sport1.az-a daxil olan məlumata görə, Ağdam təmsilçisi Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunda çıxış edən Xuan Kordoba ilə maraqlanır. Kolumbiyalı vinger iki il əvvəl UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı keçirilən hər iki oyunda forma geyinib və həmin vaxt baş məşqçi Qurban Qurbanovun diqqətini cəlb edib.
Ağdam klubu futbolçunu qışda transfer edə bilməsə, yayda yenidən cəhd edəcək. “Transfermarkt” portalında 22 yaşlı futbolçunun bazar dəyəri 850 min avro olaraq göstərilir.
Qeyd edək ki, Xuan Kordoba bu mövsüm “Dinamo”nun heyətində ümumiyyətlə, meydana çıxmayıb. Onun son rəsmi matçı ötən ilin martın 15-də baş tutub. Həmin görüşdə futbolçu 69-cu dəqiqədə əvəzetmədən meydana çıxıb.
Xatırladaq ki, hazırda “köhlən atlar”da “Dinamo” (Zaqreb) klubuna məxsus olan Sami Mmae icarə əsasında çıxış edir.