AZ

Trampın “Nobel” davası: Maçadonu niyə Venesuelanın yeni prezidenti kimi görmür?

ABŞ prezidenti Donald Tramp Venesuela müxalifətinin lideri Mariya Korina Maçadonu ölkə başçısı postuna uyğun namizəd kimi görmür.

KONKRET.az xəbər verir ki, The Washington Post qəzetinin Ağ Evə yaxın mənbələrə istinadən yaydığı məlumata görə, buna səbəb Maçadonun Nobel Sülh Mükafatını qəbul etməsi və onu Trampa həsr edəcəyini deməsidir.

Mənbələrdən birinin bildirdiyinə görə, Maçadonun mükafatı qəbul etməsi Tramp komandasında “onun ən böyük günahı” kimi qiymətləndirilib. Qəzetin həmsöhbəti qeyd edib ki, əgər Maçado “mən bu mükafatı qəbul edə bilmərəm, çünki o, Donald Trampa məxsusdur” deyərək ondan imtina etsəydi, bu gün Venesuelanın prezidenti ola bilərdi.

ABŞ-ın Venesuelada keçirdiyi əməliyyatdan sonra mətbuat konfransında çıxış edən Donald Tramp Maçadonun ölkəni idarə etmək üçün “daxildə kifayət qədər dəstək və hörmətə malik olmadığını” bildirib. Maçadonun komandasına yaxın mənbə isə bu açıqlamaların onlar üçün gözlənilməz olduğunu deyib.

Venesuela müxalifətinin tanınmış nümayəndələrindən biri qəzetə bildirib ki, Trampın sözləri müxalifət düşərgəsində ciddi narazılıq yaradıb. Bununla belə, o vurğulayıb ki, “hər bir keçid dövründə acı bir həbi udmaq lazım gəlir”.

Xatırladaq ki, Nobel Sülh Mükafatı Mariya Korina Maçadoya 2025-ci ilin oktyabrında “Venesuela xalqı üçün demokratik hüquqların təşviqi və diktaturadan demokratiyaya ədalətli və dinc keçid uğrunda yorulmaz fəaliyyəti”nə görə təqdim olunub. Namizədlər arasında ABŞ prezidenti Donald Tramp da yer alırdı və o, dəfələrlə sülhməramlı təşəbbüslərinə görə bu mükafata layiq olduğunu bildirmişdi.

Bununla yanaşı, Reuters agentliyi Trampın Nobel Sülh Mükafatını ala bilməməsini onun “Nobel Komitəsinin yüksək qiymətləndirdiyi beynəlxalq sülh nizamını sarsıtması” ilə izah edib. Mükafatın qalibi açıqlandıqdan sonra isə Ağ Ev Nobel Komitəsini “sülhdən çox siyasətə üstünlük verməkdə” ittiham edib.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
60
1
konkret.az

2Mənbələr