“Son günlərin əsas müzakirə olunan məsələsi ABŞ-nin Venesuela Prezidenti Maduro Morosu və onun həyat yoldaşını həbs edib, Amerikaya aparmasıdır. Azərbaycanda bu barədə müzakirə iki istiqamətdə gedir. Bir tərəf belə hesab edir ki, Maduro seçkiləri saxtalaşdırıb, diktatordur, Amerika əcəb edib, onu həbs edib, ABŞ nə istəsə, edə bilər. İkinci tərəf isə deyir ki, beynəlxalq hüquq ABŞ Prezidenti Donald Trampa heç bir hüquq vermir ki, hər hansı müstəqil ölkənin prezidentini həbs edib, Amerikaya aparsın, onun nadir faydalı qazıntılarına əl qoysun. Hesab edirəm, ikinci tərəfin mövqeyini müdafiə edənlər beynəlxalq hüquqa əsaslanırlar. Amerikanın Venesuelada həyata keçirdiyi əməliyyat beynəlxalq hüquqa, BMT Nizamnaməsinə daban-dabana ziddir. Heç kim ABŞ-yə haqq vermir ki, müstəqil ölkəni bombalasın, onun prezidentini həbs etsin, sonra da əmlakına əl qoysun. Üstəlik də, desin ki, mən bu ölkəni idarə edirəm. Müzakirədəki birinci tərəf Qərbin Azərbaycandakı agentura şəbəkəsinin "uşaqları"dır. Bu "uşaqlar"ın içində partiya sədri olanlar da, mediada, QHT-lərdə olanlar da var. Bunlar üçün beynəlxalq hüquq baxımından ülvi heç nə yoxdur. Əsas budur ki, bir qismi Qərbin, bir qismi isə Avropanın, Amerikanın müəyyən dairələrinə xoş gəlmək üçün belə mövqe tutur. Allah uzaq eləsin, sabah ABŞ Azərbayanda da belə bir əməliyyat keçirsə, bunlar "o tərəfə" keçəcəklər. Yəni bunlar həmin o "beşinci kolon"dur. Çox maraqlıdır ki, belə adamlara meydan verilir”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elşad Musayev deyib.
Deputat bildirib ki, istər İranın, istərsə də Rusiyanın, Qərbin agentura şəbəkəsi, "FETÖ"çular efirlərdən düşmürlər, onlara hər cür meydan verilir: “Düşünürəm ki, bunlarla bağlı hələlik yekun lazımi ölçü götürülməyib. Ölçü götürülməlidir. Biz bütün hallarda beynəlxalq hüquqa, BMT Nizamnaməsinə uyğun danışmalıyıq. İndi orta əsrlər cəngəllik qanunlarının işlədiyi dövr, XIX əsr deyil. Faktiki ABŞ-nin hərəkəti imperiya dövlətinin apardığı siyasətin bir mərhələsidir. Elə bil, dünyanı bölüblər, bir imperiya dövləti bir tərəfi işğal edir, digəri başqa tərəfi. Açıq-aydın görünür ki, yeni dünya düzəni qurulur. Artıq burada beynəlxalq hüquq yoxdur, beynəlxalq güc var. Amerikanın hərəkətləri hüquqi baxımdan düzgün qəbul edilməməlidir. Ölçü götürüləsi bir şey var - Maduro tipli adamlar ölkəni idarə edəndə, təbii ki, demokratik əsaslarla idarə etməlidirlər. Hakimiyyət qəsbi, digər məsələlər də var. Seçkilər demokratik yolla keçirilməlidir. Əslində, problem neft sahələri Venesuela hökuməti tərəfindən milliləşdiriləndən sonra başlayıb. İndiki halda da açıq-aydın beynəlxalq jandarma rolunda çıxış edən Amerika Venesuelanı işğal edir. Beynəlxalq ictimaiyyət də buna göz yumur. Hesab edirəm, doğru deyil”.
Aytəkin Qardaşova