Buxarest, 5 yanvar, AZƏRTAC
Rumıniyalı politoloq və təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert Yulian Kifu ABŞ-ın “Inherent Resolve” əməliyyatını və onun ətrafında formalaşan geosiyasi mənzərəni təhlil edərək, bu prosesin müasir beynəlxalq münasibətlər sistemində daha geniş və dərin məna daşıdığını bildirib.
Y.Kifu vurğulayır ki, “Inherent Resolve” yalnız konkret bir regionda və ya terror təhlükəsinə qarşı aparılan məhdud hərbi kampaniya kimi qiymətləndirilməməlidir. Onun fikrincə, söhbət ABŞ-ın qlobal səviyyədə tətbiq etdiyi yeni strategiyanın tərkib hissəsindən gedir. Bu strategiya klassik müharibə anlayışından kənara çıxaraq, güc nümayişi, çəkindirmə, siyasi mesajlar və psixoloji təsir mexanizmlərini bir sistem daxilində birləşdirir.
Ekspert qeyd edir ki, Vaşinqton bu yanaşma ilə eyni vaxtda bir neçə məqsəd güdür. Bir tərəfdən ABŞ müttəfiqlərinə təhlükəsizlik zəmanətlərini yenidən təsdiqləyir, digər tərəfdən isə potensial rəqiblərə açıq mesaj göndərir ki, lazım gəldikdə hərbi və siyasi resurslarını operativ şəkildə səfərbər etməyə qadirdir. Y.Kifunun qənaətinə görə, bu, XXI əsrdə güc balansının necə qorunduğunu göstərən tipik nümunədir.
Məqalədə amerikalı siyasi nəzəriyyəçi Robert Kaqanın baxışlarına da geniş yer verilir. Kaqanın beynəlxalq münasibətləri “cəngəllik” metaforası ilə izah etməsinə istinad edən Y.Kifu bildirir ki, müasir dünya nizamı formal qaydalar və institutlarla yanaşı, real güc amili üzərində qurulub. Bu “cəngəllikdə” qaydalar yalnız onları qoruyacaq siyasi və hərbi iradə olduqda işlək qalır. ABŞ isə öz rolunu məhz bu iradənin əsas daşıyıcısı kimi görür.
Y.Kifu anoloji olaraq Çexovun məşhur “divardan asılan silah” prinsipini xatırladır. Onun fikrincə, beynəlxalq siyasətdə əvvəlcədən nümayiş etdirilən imkanlar, hərbi güc və texnoloji üstünlük bir gün mütləq real təsir alətinə çevrilə bilər. Bu baxımdan “Inherent Resolve” əməliyyatı həm real əməliyyat, həm də gələcək üçün açıq mesaj funksiyasını daşıyır.
Ekspert hesab edir ki, ABŞ-ın bu yanaşması regional münaqişələrin sərhədlərini aşaraq qlobal davranış modellərini formalaşdırır. Digər dövlətlər də bu proseslər fonunda öz təhlükəsizlik strategiyalarını yenidən nəzərdən keçirməyə məcbur qalırlar. Beləliklə, dünya siyasətində qeyri-müəyyənlik və rəqabət artdıqca, güc amili yenidən ön plana çıxır.
Y.Kifunun fikrincə, Vaşinqtonun əsas məqsədi birbaşa qarşıdurmalardan yayınmaqla yanaşı, potensial riskləri nəzarətdə saxlamaq və qlobal liderlik mövqeyini qorumaqdır. Bu strategiya həm diplomatik alətləri, həm də hərbi imkanları paralel şəkildə istifadə etməyi nəzərdə tutur və ABŞ-ın müasir geosiyasi reallıqlara uyğunlaşma cəhdinin göstəricisidir.
Nəticə olaraq Y.Kifu bildirir ki, “Inherent Resolve” əməliyyatı ABŞ-ın qlobal siyasətdə güc, çəkindirmə və strateji hesablamanı uzlaşdıran xəttinin bariz ifadəsidir. Bu yanaşma yaxın perspektivdə də beynəlxalq münasibətlərin əsas müəyyənedici faktorlarından biri olaraq qalacaq və dünya nizamının gələcək konturlarına ciddi təsir göstərəcək.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest