AZ

Azərbaycanda rəqəmsal transformasiya proqramlarının genişlənməsi biznes üçün geniş imkanlar yaradır - ŞƏRH

Bakı, 5 yanvar, Pərvanə Qafarova, AZƏRTAC

“Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya”ya əsasən rəqəmsal transformasiya proqramlarında iştirak edən müəssisələrin sayının artırılması nəzərdə tutulur ki, bu da biznes üçün mühüm və çoxşaxəli perspektivlər yaradır.

Bu barədə AZƏRTAC-a açıqlamasında İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) Təhlil və monitorinq şöbəsinin rəhbəri Əzizə Vidadi deyib.

Əzizə Vidadi bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş Strategiya ölkə iqtisadiyyatının rəqəmsal transformasiya əsasında yenidən qurulmasını, rəqəmsal infrastrukturun gücləndirilməsini, rəqəmsal bacarıqlara əsaslanan insan kapitalının inkişafını və iqtisadi qərarvermədə data mərkəzli idarəetmənin tətbiqini əsas məqsəd kimi müəyyən edir. Sənəddə ümumilikdə 50 təşəbbüs təsbit olunub, onlardan yüksək təsir gücünə malik 8-i “Əsas təşəbbüs” kimi xüsusi prioritet statusu alıb. Strategiya Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsi, qeyri-neft iqtisadiyyatında rəqəmsal sektorun payının artırılması, startap və innovasiya ekosisteminin gücləndirilməsi kimi uzunmüddətli strateji hədəflərə xidmət edir.

Ə.Vidadi qeyd edib ki, bu hədəflər fonunda 2029-cu ilə qədər rəqəmsal transformasiya proqramlarında iştirak edən müəssisələrin sayının artması biznes üçün geniş imkanlar yaradır. Onun sözlərinə görə, artıq 2024-cü ildən tətbiq olunan “Sənaye 4.0 Hazırlıq” Proqramı müəssisələrin rəqəmsallaşma səviyyəsinin diaqnostikası, fərdi yol xəritələrinin hazırlanması və dəstəkləyici mexanizmlərin formalaşdırılmasının transformasiyanın uğur şansını əhəmiyyətli dərəcədə artırdığını göstərir. Pilot mərhələdə 3 müəssisənin texnoloji transformasiyası təmin edilib, 2025-ci ildə isə bu rəqəm 15-ə çatdırılıb. Bu, proqramın real təsir gücünü və ölkə üzrə rəqəmsal iqtisadiyyata keçidin sürətləndiyini nümayiş etdirir.

Şöbə rəhbəri qeyd edib ki, beynəlxalq tədqiqatlar da planlı və sistemli texnoloji transformasiyanın biznes üçün mühüm üstünlüklər yaratdığını təsdiqləyir. Dünya İqtisadi Forumunun araşdırmalarına əsasən, texnologiyanı pərakəndə şəkildə tətbiq edən şirkətlərin 71 faizi hədəflərinə çata bilmir, yalnız 26 faizi daxili transformasiyanı uğurla tamamlayır və cəmi 3 faiz şirkət transformasiyanı təchizat zəncirinə qədər genişləndirə bilir. Sistemli rəqəmsal transformasiya həyata keçirən müəssisələrdə isə anbar xərcləri 20-40 faiz, avadanlıqların dayanma müddəti 30-50 faiz azalır, əmək məhsuldarlığı 15-30 faiz, məhsul keyfiyyəti 10-20 faiz, gəlirlilik isə 10-30 faiz artır.

Əzizə Vidadinin sözlərinə görə, bu göstəricilər 2029-cu ilə qədər rəqəmsal transformasiya proqramlarına qoşulan müəssisələrin sayının artmasının biznes üçün üç əsas perspektiv açdığını deməyə əsas verir. Birincisi, beynəlxalq rəqabət qabiliyyəti yüksəlir – çünki rəqəmsallaşan müəssisələr həm əməliyyat effektivliyinə, həm də məhsul keyfiyyətinə görə daha üstün mövqeyə keçir. İkincisi, yeni bazarlara çıxış imkanları genişlənir – rəqəmsal infrastruktur və data əsaslı idarəetmə müəssisələrin ixrac potensialını artırır. Üçüncüsü, innovasiya imkanları çoxalır - startaplarla əməkdaşlıq, yeni texnoloji həllərin tətbiqi və avtomatlaşdırmanın genişlənməsi müəssisələrin dəyər zəncirini gücləndirir.

Seçilən
83
1
azertag.az

2Mənbələr