Samux, 5 yanvar, Vüsalə Cənnətova, AZƏRTAC
Bədii ifadənin möhtəşəm nümunələrindən biri olan vitraj sənəti adi şüşəni rənglərə, naxışlara bürüyərək insanların gözünü, ruhunu oxşamaqla uzun illərdir öz aktuallığını qoruyub saxlayır. İlk vitraj nümunələri eramızdan əvvəl Misirdə və Romada meydana çıxıb. Azərbaycanda da şüşə ilə işləmə sənəti qədim dövrlərdən mövcuddur. Samux rayonunun Sərkar kəndində dünyaya göz açmış, illərdir ki, vitrajla məşğul olan Nərgiz Sadıqovanı da uşaqlıqdan bu sənətə onun rəngarəngliyi, yaradıcı ruhu ilə yanaşı, qədimliyi də cəlb edib.
AZƏRTAC-ın bölgə müxbiri gənc rəssamla görüşüb, onun əl işləri ilə maraqlanıb. 27 yaşlı rəssam şüşə məhsulları üzərində xüsusi boyalarla çəkilmiş əl işləri, həmçinin müxtəlif dekorativ suvenirlər hazırlayır. “Təhsilim musiqi nəzəriyyəsi üzrədir və illərdir ki, musiqi məktəbində ixtisasım üzrə dərs deyirəm. Məni hər zaman özünə valeh edən vitraj sənəti ilə də məşğulam. Bu sənəti kurslarda iştirak edərək, internetdən yararlanaraq, öz üzərimdə işləyərək mənimsəmişəm. Ölkəmizdə vitraj sənətinin şəbəkə növü daha çox inkişaf edib. Mən bu sənət növünü boşqab, fincan, stəkan, güldan kimi müxtəlif əşyalar üzərində icra edirəm”, - deyən rəssam bildirib ki, vitraj incəsənətin və insan zəkasının birləşməsindən yaranan unikal bir sənət növüdür.
Vitraj sənətində ən mühüm element işıqdır. İşığın rənglər və təsvirlərlə bütövləşən şüşələrdən keçərək yaratdığı təsir heyrətamizliyi ilə insanları özünə valeh edir. “Şüşə həm möhkəm, həm də zərifdir. Bu xüsusiyyətlərin bir arada cəmlənməsi onu həqiqətən heyrətamiz materiala çevirir. İşığı özündə əks etdirərək rənglərin və formaların gözəlliyini daha da ön plana çıxaran şüşə xüsusilə vitraj sənətində estetiklə funksionallığın vəhdətini yaradır. Əl işlərimdə daha çox milli ornamentlərdən, bolluq-bərəkət rəmzi olan nardan, yaz fəslinin gözəlliklərini əks etdirən təsvirlərdən istifadə edirəm”.
Nərgiz Sadıqova əl işlərinin yerli sərgilərdə nümayiş olunduğunu da bildirir. “Kövrək görünüşünün arxasında gizlənən dözüm, fərqli rənglər və cürbəcür naxışlar şüşəyə özünəməxsus xarakter bəxş edir. Düşünürəm ki, əl işlərim həm maddədir, həm hiss, həm də göz. Şüşə qablar üzərində vitraj sənəti ilə yanaşı, kətan üzərində relyef pastaları ilə 3D fiqurlar da yaradıram. Əl işlərimi daha çox hədiyyə edirəm, ancaq alıcılarım da az deyil. İşlərim əcnəbi turistlərin də marağını çox çəkir. Onlar milli ornamentlərimizi çox sevirlər”, - deyə rəssam qeyd edir.
Nərgiz Sadıqovanın ən böyük arzusu şəxsi emalatxanasını yaratmaq, bildiklərini başqaları ilə də bölüşmək, vitraj sənətini daha böyük ölçülü şüşələr üzərində icra etməkdir.