Ukrayna Prezidenti Volodimir Zelenski Vasili Malyukun istefasından sonra Yevgeni Xmaranı ölkənin Təhlükəsizlik Xidmətinin rəhbəri səlahiyyətlərini icra edən şəxs təyin edib.
"Far.Az" xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri mənbələrə istinadən məlumat yayıb.
Ukraynanın Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Malyuk vəzifəsindən istefa verdiyini rəsmi olaraq açıqlayıb.
"Far.Az"un "RBK-Ukrayna"ya istinadən verdiyi məlumata görə, informasiyanı Ukrayna Təhlükəsizlik Xidməti öz rəsmi bəyanatında təsdiqləyib.
Bəyanatda sözləri sitat gətirilən Malyuk qeyd edib ki, Ukraynanın Təhlükəsizlik Xidmətində işləməyə davam edəcək və xüsusi əməliyyatların həyata keçirilməsi üzərində çalışacaq: "Sədr vəzifəsindən gedirəm. Ukraynanın Təhlükəsizlik Xidməti sistemində dünya səviyyəli asimmetrik xüsusi əməliyyatları həyata keçirməyə davam edirəm".
Malyukun istefa səbəbləri açıqlanmayıb.
Eyni zamanda, Prezident Volodimir Zelenskinin V.Malyuka Rusiyaya qarşı əməliyyatlarla bağlı Ukraynanın Təhlükəsizlik Xidmətində yeni əsas istiqamətə rəhbərlik etməyi tapşırdığı məlum olub.
"Vasili Malyukla görüşdük. Ona təşəkkür etdikdən sonra məhz belə işə fokuslanmağı bildirdim", - V.Zelenski öz teleqram kanalında qeyd edib.
Ukrayna Prezidenti bildirib ki, Rusiyaya qarşı aparılan xüsusi əməliyyatların sayının artırılması zəruridir:
"Vasili Vasilyeviç bunu hamıdan yaxşı bacarır. O, Ukrayna Təhlükəsizlik Xidməti sistemində işləməyə davam edəcək. Vasili Malyuka asimmetrik əməliyyatlar istiqamətini gücləndirməyi tapşırdım. Bunun üçün resurslar və lazımi siyasi dəstək var. Birlikdə Ukrayna Təhlükəsizlik Xidmətinin yeni rəhbərini seçmək üçün namizədlikləri də müzakirə etdik".