AZ

Sənədsiz ev sahiblərinin NƏZƏRİNƏ - Yalnız bu evlərə çıxarış verilə bilər

Azərbaycanda, xüsusilə də Bakı şəhərində sənədsiz evlərin sayı kifayət qədər çoxdur. Məlumatlara görə, paytaxtda təxminən 500 mindən çox yaşayış evinin çıxarışı yoxdur.

2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunmasını nəzərə alsaq, maraqlı sual yaranır: bu il ərzində sənədsiz evlərin sayının azaldılması istiqamətində real irəliləyiş gözlənilə bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc bildirdi ki, "Şəhərsalma və Memarlıq İli"ndə çox əsaslı və məntiqli bir addım olardı ki, illərlə gözlənilən hadisə baş versin və sənədsiz evlərin sənədlə - dövlət reyestrinin çıxarışı ilə təmin olunması həyata keçirilsin:

"Bu addım həm dövlətin daşınmaz əmlak reyestrinin formalaşması, həm də ölkə iqtisadiyyatı üçün çox vacib bir məsələdir. Çünki hüquqi statusları təmin olunmuş əmlakların vergiləri büdcə üçün çox böyük əhəmiyyət daşıyır. 2026-cı il xərclərin optimallaşdırılması və qənaət büdcəsi olan, müəyyən maliyyə çətinlikləri ilə qarşılaşacağımız bir il kimi proqnozlaşdırılır. Belə bir ildə, təbii ki, büdcəyə yeni vəsaitlərin cəlb olunması və eyni zamanda vətəndaşların öz iqtisadi şəraitlərinin normallaşdırılması istiqamətində addımlar ata bilməsi üçün onların əmlaklarının leqallaşdırılması çox ciddi bir məsələdir. Məhz bundan sonra vətəndaşlar banklardan kreditlər götürə, həmin əmlakla bağlı sərəncam verə və mülkiyyət sahibi kimi onu idarə edə bilərlər. Bu da ölkə iqtisadiyyatına çox böyük töhfə olar, onların müxtəlif istiqamətlərdə layihələrin icrası və kapital əldə etməsi üçün borc götürmələrinə bir vasitə yaranmış olar. Bu baxımdan hesab edirəm ki, bu il sənədləşmə istiqamətində müvafiq addımlar atılmalıdır. Onsuz da ötən ildə və ondan əvvəlki ildə bu istiqamətdə müvafiq icra strukturları addımlar atmağa başlayıblar və düşünürəm ki, məhz şəhərsalma və memarlıq ilində bu addımların real nəticəsini ölkə əhalisinin görə bilməsi istisna deyil. Təbii ki, layihə böyükdür və 500 mindən çox evin birdən-birə sənədləşdirilməsi çətindir, amma ən azı layihəyə status verib bu prosesi başlatmaq insanlarda çox böyük ümid yarada bilər və ölkə iqtisadiyyatına doğrudan da böyük dəstək olar".

Müsahibimiz əlavə etdi ki, burada söhbət yüksək gərginlikli elektrik xətlərinin altında, kommunal kommunikasiya xətlərinin üzərində, dövlətin strateji obyektlərinin yaxınlığında, meşə zolağında yerləşən və yaxud qanunsuz tikilmiş evlərdən getmir.

"Burada sırf qanunun tələblərinə cavab verən evlərdən söhbət gedir. Onların, təbii ki, rəsmiləşdirilməsi, leqallaşdırılması və sənədlə təmin olunması mümkün olanlarını bu istiqamətdə sənədlə təmin etmək ilk vəzifə olacaqdır. İkincisi, bu mümkün deyilsə, həmin əmlak sahiblərinə kompensasiya ödənilməsi və yaxud alternativ yaşayış məkanlarının təklif edilməsi sosial dövlət olaraq Azərbaycan dövlətinin gündəliyində duran məsələlərdəndir.

Digər bir məsələni burada xüsusilə vurğulamaq istərdim ki, bütün bu problemlərin həlli üçün tərəfimizdən daim ictimaiyyətdə səsləndirilən bir təklif də var - əmlak amnistiyasının həyata keçirilməsi. Əmlak amnistiyası doğrudan da vacib bir elementdir. On minlərlə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərində, bildiyimiz kimi, yaşayış evləri tikilib, onlar kommunal xidmətlərə görə ödənişlər edirlər və həmin evlərdə yaşayırlar, lakin bu evlərə sənəd ala bilmirlər. Əmlak amnistiyası imkan verəcək ki, təyinatından asılı olmayaraq, üzərində yaşayış binaları tikilmiş torpaq sahələrinə və həmin evlərə hüquqi sənədlərin verilməsi təmin olunsun. Bu da vətəndaşlar arasında çox böyük sevinclə qarşılana biləcək bir addım ola bilər və qeyd etdiyim kimi, onların ölkə iqtisadiyyatına inteqrasiyası və daşınmaz əmlak reyestrinin formalaşması üçün çox məntiqli və məqsədyönlü bir addım olmuş olar", - deyə Vüqar Oruc vurğuladı.

Nuriyyə NATİQQIZI

Seçilən
57
1
redaktor.az

2Mənbələr