“ABŞ-nin Venesuelada həyata keçirdiyi hərbi əməliyyat və prezident Maduronun oğurlanaraq Amerikaya aparılmasından sonra dünya siyasi gündəmini növbəti hansı ölkənin hədəfə alınacağı, hansı prezidentin devriləcəyi, hansı ölkədə hakimiyyət dəyişikliyinin həyata keçiriləcəyi ilə bağlı suallar zəbt etməkdədir. Hesab olunur ki, xüsusilə, son günlər - dekabr ayının axırlarından ABŞ-nin İranda aktivləşən ictimai-siyasi proseslərə müdaxilə etmək perspektivi yaranıb. Eyni zamanda Karib körfəzi ölkələrində, ABŞ-nin hazırkı siyasətinə, maraqlarına uyğun olmayan davranışlar nümayiş etdirən rejimlərə qarşı Kolumbiyada da sərt addımların atıla biləcəyi ehtimal olunur. Tramp hakimiyyətə gəldikdən sonra qarşıya qoyduğu ən böyük hədəflərdən biri Qrenlandiyaya sahib olmaq məsələsi idi. Son dövrlər bir daha bu problem gündəmə gətirilib və ABŞ-nin milli təhlükəsizliyi üçün Qrenlandiyaya nəzarət etmək məsələsi aktual mövzu olaraq gündəmə daşınıb. Bu bəyanatlara sərt reaksiya verən Danimarka Baş nazirinə və dövlətinə qarşı da ABŞ tərəfindən sərt addımların həyata keçirilə biləcəyi ehtimal olunur”.
Bu sözləri Pravda.az-a açıqlamasında politoloq Anar Əliyev deyib.
O bildirib ki, ABŞ-nin Venesuelaya qarşı həyata keçirdiyi əməliyyat bir daha beynəlxalq hüququn dövlətlərarası münasibətlərdə, xüsusilə, böyük dövlətlərin ayrı-ayrı regionlara münasibətində heç bir əhəmiyyət kəsb etmədiyini, bir daha gücün haqq olduğunu, gücün müzakirə olunmadığını, sözsüz qalib qiymətləndirildiyini nümayiş etdirib: “Bununla da dünya ictimaiyyəti arasında beynəlxalq hüquqa, zəif də olsa, mövcud olan inama çox ciddi zərbə, son balta vurulmuş oldu. Bundan sonra beynəlxalq düzən və beynəlxalq münasibətlərin artıq qəbul edilmiş qanunlar, prinsiplər əsasında deyil, məhz böyük güclərin və bu gücləri idarə edən şəxslərin iradəsindən asılı olaraq reallaşacağını, dörd ildir, Rusiyanın Ukraynada apardığı təcavüzkar, işğalçı siyasətə ABŞ Prezidenti və Tramp Administrasiyasının sərgilədiyi loyal münasibət isə əslində ABŞ-nin də eyni taktikadan, siyasətdən yararlanacağını deməyə imkan verirdi. Hesab edirəm, qarşıdakı dönəmdə mümkün qədər böyük güclərlə beynəlxalq hüququn dili ilə deyil, daha ehtiyatlı, daha düşünülmüş davranış nümayiş etdirmək zərurətini ortaya çıxarmış olacağıq. Dünyanın bir çox bölgələrində artıq beynəlxalq hüququn prinsipləri deyil, məhz böyük dövlətlərin maraqlarına uyğun davranışlar hakim mövqedə olacaq”.
Aytəkin Qardaşova