AZ

Xamenei artıq İranı idarə edə bilmir: Vəziyyət nəzarətdən çıxacaq, rejim dəyişəcək…

İran rejiminin etirazlara qarşı sərt və qəddar davranışı onu öz xalqına qarşı qaniçən bir idarəçilik modeli kimi təqdim edir. Rejim kütləvi narazılıqlara güllə, həbslər və təzyiqlərlə cavab verdikcə ölkədaxili böhranın daha da dərinləşdiyi müşahidə olunur. Maraqlıdır, İranda kütləvi etirazlara qarşı güllə, həbslər və amansız təzyiqlərlə cavab verən siyasi rejim öz xalqına qarşı qəddarlıq nümayiş etdirməklə ölkəni daha dərin böhrana sürükləyə bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli bildirib ki, hazırda İranda cərəyan edən proseslər ölkənin daxili siyasi sisteminin ciddi böhran yaşadığını açıq şəkildə göstərir.

Onun sözlərinə görə, kütləvi etiraz dalğası artıq elə bir həddə çatıb ki, rejim faktiki olaraq seçim qarşısında qalıb.

Politoloq qeyd edib ki, ölkənin bütün sahələrində böhran təhlükəli səviyyəyə yüksəlib, insanların yaşayış imkanları isə minimum həddə enib:

“Əhalinin sosial-iqtisadi durumu o qədər ağırlaşıb ki, insanlar bu vəziyyəti qəbul etməkdə çətinlik çəkirlər. Yaşayış imkanları demək olar ki, mövcud deyil. Bu səbəbdən əhali siyasi rejimə və mövcud idarəçilik sisteminə qarşı etiraz aksiyalarına çıxır”.

Qərb

Elçin Xalidbəyli vurğulayıb ki, müşahidələr etirazların hər ötən gün daha da genişlənərək bütün İran ərazisinə yayıldığını göstərir və bu proses yaxın zamanda nəzarətdən çıxa bilər. Onun fikrincə, mövcud situasiyada rejimin davranışları adekvat deyil:

“Ölkə daxilində sosial-iqtisadi problemləri etiraf edib onların həlli istiqamətində addımlar atmaq əvəzinə, siyasi rejim etirazların arxasında guya xarici qüvvələrin dayandığını iddia edir. Bu isə böhranın hələ uzun müddət davam edəcəyindən xəbər verir”.

Politoloq əlavə edib ki, mövcud vəziyyətdən çıxış yolu sürətli iqtisadi, hüquqi və siyasi islahatların aparılması, insanların həyat şəraitinin yaxşılaşdırılmasıdır. Lakin bunun əvəzinə rejim etirazçılara qarşı qəddarlıq nümayiş etdirir, amansız təqiblər və təzyiqlər həyata keçirir.

“Bu davranış onu göstərir ki, siyasi rejim artıq İranı idarə etmək imkanlarını tədricən itirir. Əgər bu şəkildə davam edərsə, ölkədəki vəziyyət tam nəzarətdən çıxa və İran siyasi rejim dəyişikliyi ilə üzləşə bilər”, – deyə Elçin Xalidbəyli bildirib.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
58
2
konkret.az

3Mənbələr