AZ

Türkiyə-Azərbaycan qardaşlığı Cənubi Qafqazda davamlı sülh və sabitliyin bərqərar olmasına xidmət edir - ŞƏRH

Bakı, 5 yanvar, AZƏRTAC

2020-ci ildə baş verən İkinci Qarabağ müharibəsi Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi ilə nəticələndi və bu da regionun taleyində yeni bir dövrün başlanğıcını qoydu. Bu prosesdə Türkiyə "Bir millət, iki dövlət" prinsipini rəhbər tutaraq Azərbaycana həm hərbi, həm də diplomatik dəstək göstərərək Qarabağın azad edilməsində mühüm rol oynadı. Müharibənin bitməsindən sonra Qarabağın yenidən qurulması təkcə fiziki infrastruktura deyil, həm də sosial, mədəni və iqtisadi həyatın canlandırılmasına yönəlmiş böyük bir layihəyə çevrildi.

Bunu AZƏRTAC-a açıqlamasında türkiyəli siyasi ekspert Cafer Dal bildirib.

Onun sözlərinə görə, Türkiyənin Qarabağa verdiyi töhfələr çoxşaxəlidir.

“Türkiyə beynəlxalq platformalarda Azərbaycanın ədalətli mübarizəsini müdafiə edib və sülh prosesinə töhfə verib. Bununla yanaşı müharibədən sonra Qarabağda yollar, körpülər, tunellər və dəmir yolu xətləri yenidən qurulub. Türk şirkətləri ümumilikdə 1500 kilometr yeni yolun tikintisində fəal rol oynayıb. Bu layihələr Qarabağın Azərbaycanın digər bölgələri ilə inteqrasiyasını sürətləndirdi. Qarabağın enerji infrastrukturu elektrik stansiyaları, enerji ötürmə xətləri və bərpaolunan enerji layihələri ilə modernləşdirildi. Türkiyə sahibkarları kənd təsərrüfatına, sənayeyə və ticarətə investisiya qoymaqla Qarabağın iqtisadi inkişafını dəstəkləyir. Müasir suvarma sistemləri və texnologiyalar ilə regionun kənd təsərrüfatı istehsal gücü artırılır. Kiçik və orta sahibkarlığı dəstəkləməklə iqtisadi şaxələndirməyə nail olunur.

Bundan başqa, Türkiyə Qızıl Aypara Cəmiyyəti və digər QHT-lər müharibədən zərərçəkmiş insanlara humanitar yardımlar çatdırıblar. Təhsil sahəsində yeni məktəblər və mədəniyyət müəssisələri açılıb, türk dili və mədəniyyətini təbliğ etmək üçün layihələr həyata keçirilib. Səhiyyə sahəsində xəstəxanalar yenidən qurulub və müasir səhiyyə infrastrukturu yaradılıb”, - deyə türkiyəli ekspert vurğulayıb.

Cafer Dalın sözlərinə görə, Türkiyə Azərbaycanla birlikdə Qarabağda davamlı sülhün bərqərar olması üçün beynəlxalq təşəbbüslər irəli sürüb: “Türkiyənin töhfələri Qarabağın gələcəyini formalaşdıran ən vacib elementlərdən birinə çevrilib. Bu əməkdaşlıq təkcə Azərbaycan və Türkiyə arasındakı qardaşlıq bağlarını gücləndirmir, həm də Cənubi Qafqazda davamlı sülh və sabitliyin bərqərar olmasına xidmət edir”.

Seçilən
26
azertag.az

1Mənbələr