"Rusiya Ermənistanda inqilaba ona görə əngəl olmadı ki, Qərblə alverə getdi..."
"Rusiya Suriyada Əsədin devrilməsinə ona görə mane olmadı ki, Qərblə alverə getdi..."
"Rusiya İranın bombalanmasına ona görə əngəl olmadı ki, ABŞ və yəhudilərlə alverə getdi..."
"Rusiya Venesuelada Maduronun həbsinə ona görə mane olmadı ki, ABŞ-la alverə getdi..."
“Yeni Sabah” xəbər verir ki, bu sözləri politoloq Şahin Cəfərli “Facebook” səhifəsində yazıb.
O bildirib ki, Moskvanın strateji gücü getdikcə məhdudlaşmaqdadır:
“Bu fikirlərin hamısının yalan olduğunu qəti və birmənalı şəkildə vurğulamaq istəməzdim, çünki böyük dövlətlər arasında rutin qaydada aparılan gizli təmaslarda nələrin müzakirə olunduğunu bilmirik. Bəlkə, hansısa epizod üzrə həqiqətən alver olub və Rusiya da nələrsə əldə edib.
Lakin bir məqam dəqiqdir ki, Rusiyanın strateji gücü getdikcə məhdudlaşır, yuxarıdakı hadisələr həm də bu səbəbdən gerçəkləşib. "Rusiyanın əleyhinə nəsə baş verirsə, deməli, Rusya özü buna razılıq verir" məntiqi ilə qiymətləndirmələr absurddur. Bu hadisələrin hər birinin nəticələri Rusiyanın maraqlarına uyğun deyil. "Moskva bunların qarşısını ala bilmədi, yoxsa almaq istəmədi" sualı ikinci dərəcəlidir, vacib olan nəticədir”.
Ş.Cəfərli vurğulayıb ki, Maduronun dövründə Çin Venesuelaya xeyli investisiyalar yatırıb:
“Venesuela Rusiya və Çinlə strateji tərəfdaşlıq qurmuşdu. Rusiya Çaves-Maduro rejimlərini ayaqda saxlamaq, Amerika qitəsi və Qəraib regionunda öz maraqlarını təmin etmək üçün Venesuelaya ötən dövrdə 17 milyard dollar kredit vermişdi. Çin isə xam neftin əvəzində kreditlər və investisiya şəklində bu ölkəyə 60-70 milyard dollar yatırmışdı (Maduronun borcların nə qədərini geri ödədiyi barədə dəqiq məlumat tapa bilmədim, aydındır ki, xeyli hissəsini ödəməyib). Venesuela Çinin "Bir Kəmər-Bir Yol" layihəsinə qoşulmuşdu.
"Maduro əməliyyatı"nın başlıca geosiyasi nəticəsi budur ki, ABŞ Çin və Rusiyanı öz arxa bağçasından uzaqlaşdırdı”.
Nazim Hacıyev
Telegram kanalımız