AZ

Bu dünyadan nə aparıb gedənlər?!

ain.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Lətif ŞÜKÜROĞLUTarix üzrə fəlsəfə doktoru

A dostlarım, vədə vaxtı yetişir,

Azı-çoxu sizə qoyub gedirəm.

Bu dünyadan nə aparıb gedənlər?!

Xatirəmi közə qoyub gedirəm.

Uca dağlar ilk məskənim, ilk yurdum,

Çadırımı bir şiş təpədə qurdum.

Qartal olub, zirvələrdə qıy vurdum,

Qayaları dizə qoyub gedirəm.

Xəyal idim, çənə, dumana döndüm,

Bir ocaqdım qəfil yel əsdi, söndüm

Ömür karvanımı daşlara sürdüm

Ürəyimi sözə qoyub gedirəm.

Aldanıb, həqiqət bildim ilğımı,

Bir xəyalmış al şəfəqi, çovğunu,

Fikirlərim min illərin yorğunu,

Sözlərimsə, təzə, qoyub gedirəm.

Könlüm çəmənlərin min bir naxşıdır,

Ayna sular dil açan baxışıdır

Yaxşı əməl pünhan qalsa yaxşıdır

Nöqsanımı düzə qoyub gedirəm.

lll

O atın hələ ki yüyəni yoxdur,

Çapır dördbir yana, çapır dördnala.

Hələ azadlığın dadın çıxarır,

Uçur təpələrdən üzü dağlara.

Bel yəhər görməyib, ağız da cilov,

Üzəngi taxılan vaxtı da deyil.

Hələ ki qanadlı günlər yaşayır,

Nə bilsin, bu yaşam baxtı da deyil.

O ata qamçı da dəyməyib hələ,

Böyrünə üzəngi toxunmayıbdır.

Yerişi-duruşu nizamlanmayıb.

Adı qulağına oxunmayıbdır.

O at muradına yol gedir hələ,

Dəli kişnərtisin boğmur içində.

Bir gün ayağına nal vurulacaq,

Özünü görəcək at biçimində.

lll

Azacıq nur çilə yoluma mənim,

Mənzilim çox yaxın, yolumsa uzaq.

Gəldim, gəlişimi dünya duymadı

Bəlkə gedişimdən xəbər tutacaq.

Dedim ki, dünyanın dərdi azalsın,

Demədim, pis artıb, mərdi azalsın,

Paxıllıq, yamanlıq şərdi, azalsın,

Kim bizi bildi ki, kim unudacaq?

Dərddən yük qalanıb sağım-solumda,

Çözülməz tor qurub, durub yolumda.

Bu qısa həyatda, uzun ölümdə

Kimsə nə tapdı ki, nə aparacaq?

lll

Dostum Nəsiman Yaqublunun əziz xatirəsinə

Dağda cığır azıb, çənə büründün,

Bir bulaqdın, qayalardan süzüldün.

Vaxtmı çatdı, yoxsa vədə günündü,

Dərd yükünü çəkib getdin, a qardaş!

Dan sökülməz çöl-çəməni gəzərdik,

Qanadlanıb yamaclarda süzərdik.

Gah dərə çəkirdi, gah dağ, gah gədik,

"Qanlı yurd"a qanmı tökdün, a qardaş?!

Sevincinə şərik etdin hamını,

Vətən deyib, oda yaxdın canını,

Qərarlıydın, alacaqdın kamını,

Bəs nə oldu, nə tez bitdin, a qardaş!

Axan sellər dərələrə doldumu?

Dolayların xalı donu soldumu?

Göz qaraldan o zirvələr yordumu?

Vaxt-vədəsiz vida etdin, a qardaş.

Hallalıq istədin dərədən, düzdən,

Sona nənə həsrət qalan Təbrizdən.

Yolun düşə, bir də içək kəhrizdən...

Bu Vətəndən, eldən getdin, a qardaş!

Neçə kitab yazacaqdın, yazmadın,

Doğru bilib bir yol tutdun, azmadın.

Saxtalığa, dönüklüyə dözmədin,

Qəlbə köçüb, gözdən itdin, a qardaş!

lll

Güzgülər asın məmləkətin dörd yanında,

bəlkə insanlar kindən şişmiş qəlblərini,

daha çiçək açmayacaq içlərini görsünlər.

Bir-birinə yumruq kimi sıxılmış qəzəblərini,

içlərini gəmirən nifrəti yensinlər.

Asın ki, bulanmış könüllər

o savabdan durulsun,

Qəzəbli ürəklər təmiz aynalarda yuyunsun,

arınıb aydan arı, sudan duru olsun.

Məmləkətin hər yerində güzgülər asın,

günəşin, torpağın əksi düşən,

Vətən adlı bir nəğmənin yeni

pərdələri süzülən güzgülər asın.

Nə ona baxanlar gözlərini gizləsin,

nə də ondan baxan gözlərdə yaş gilələnsin.

Güzgülər asın,

yurdun gözəlləri güzgülənsin,

dağ-daş çiçək açsın, çöllər lalələnsin.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
19
525.az

1Mənbələr